Vaqif Xaçatryana 15 il həbs cəzası istənilməsinin səbəbi açıqlanıb

 07-11-2023

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə prosesi davam edib.

"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə bu gün məhkəmə istintaqı başa çatıb.

Məhkəmə prosesində Vaqif Xaçatryana son söz verilib.

O bildirib ki, Meşəli hadisələrində iştirak etməyib.

“Mən günahsızam. O qədər cinayətkar qalıb, amma mən mühakimə olunuram. Kim ki bu cinayətləri törədib, Allah onların cəzasını verəcək”, - deyə o əlavə edib.

Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində müttəhimin vəkili Radmila Abılova çıxış edib.

Müdafiəçi Vaqif Xaçatryana qarşı ittiham aktı barədə fikirlərini bildirib.

İttiham aktındakı məsələləri sadalayan Radmila Abılova deyib ki, Vaqif Xaçatryan özünü təqsirli bilmir.

“Vaqif Xaçatryan erməni milliyyətindən olan Azərbaycan vətəndaşıdır. Ona görə də onun barəsindəki istintaq Azərbaycan qanunlarına tövsif edilir. Vaqif Xaçatryan bildirir ki, o, Meşəli qətliamında iştirak etməyib. Bunun özü cinayət tərkibi olmadığını göstərir. Mən təklif edirəm ki, Xaçatryan haqqında bəraət hökmü çıxarılsın”, - deyə o əlavə edib.

Dövlət ittihamçısı Cövdət Mehrəliyev isə bildirib ki, Vaqif Xaçatryanın Meşəli qətliamında iştirakı təsdiqlənib.

Məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra dövlət ittihamçısı Müqəddəs Sultanov Vaqif Xaçatryana cəza istəyib.

Müqəddəs Sultanov bildirib ki, Vaqif Xaçatryanın cinayət işi o qədər də sadə bir məsələ deyil.

“Biz Vaqif Xaçatryanın yaxalandığı andan etibarən istintaq prosesini diqqətlə izləmişik. Vaqif Xaçatryan Penitensiar Xidmətin əməkdaşlarının alicənab davranışı ilə üzləşib. İstintaq prosesində ona qarşı hər hansı təzyiq olmayıb. Bu, Azərbaycan xalqının alicənablığıdır. Amma xatırlayırsınızsa, Ermənistanda vaxtilə mühakimə edilmiş şəxslər hansı işgəncə və təzyiqlərlə üzləşiblər. Biz isə Vaqif Xaçatryana yüksək alicənablıq göstərdik”, - deyə o əlavə edib.

Prokuror ittiham nitqi ilə çıxış edərək Vaqif Xaçatryana 15 il azadlıqdan məhrumetmə cəzası verilməsini məhkəməyə təklif edib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, yaşı 65-dən yuxarı şəxslərə ömürlük həbs cəzası təyin edilmir.

V.Xaçatryanın 68 yaşı var.

Prokuror, həmçinin çıxışında niyə Meşəli soyqırımını törətməkdə təqsirləndirilən Vaqif Xaçatryana 15 il cəza tələb etməsinin səbəbini izah edib.

Belə ki, onun ittiham olunduğu soyqırımı, sülh və müharibə əleyhinə olan cinayətlərə görə cəzanın ən yuxarı həddi ömürlük azadlıqdan məhrumetmədir.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, hökm çıxarılanadək 65 yaşı tamam olan şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi qadağandır.

V.Xaçatryanın 65 yaşı keçməsi səbəbindən ona ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi mümkün deyil. Bundan başqa, hazırda Azərbaycan qanunvericiliyinə görə, 65 yaşından yuxarı şəxslərə ittiham olunduğu ağır cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə cəzası ən yuxarı hədd sayılır. Lakin Vaqif Xaçatryan cinayət əməllərini 1991-ci ildə törədib.

Azərbaycanın 2014-cü ilə qədər qüvvədə olan qanunvericiliyində sülh və müharibə əleyhinə olan cinayətlərə görə cəza müddəti 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə olub. Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalara əsasən, şəxs hadisəni törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cəzalanmalıdır. Yəni Vaqif Xaçatryan hazırkı qanunvericilikdə olan sanksiya həddində yox, əməlin törədildiyi vaxtda mövcud olan qanunvericiliklə cəzalanması hüquqi baxımdan doğrudur.

Bu səbəbdən də prokuror çıxışında Meşəli qatilinə qanunvericiliyə əsasən ittiham olunduğu maddələr üzrə ən yuxarı hədd olan 15 il azadlıqdan məhrumetmə cəzası tələb edib.

 

Bənzər yazılar

0.20381093025208