Daha bir Vətən müharibəsi qazisinin özünü yandıraraq intihara cəhd etdiyi deyilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, qazi Məmmədov Elvin Elçin oğlu bu gün Ağdaşda Türyançay sahilində üstünə benzin töküb yandıraraq intihara cəhd edib. Vəziyyətinin çox ağır olduğu deyilir.
Qeyd edək ki, E. Məmmədov Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Elvin Məmmədov APA-ya ehtiyatsızlıqdan xəsarət aldığını deyib: "Mən intihar məqsədilə özümü yandırmamışam. Manqalda kabab bişirən zaman ehtiyatsızlıqdan yanıq xəsarətləri almışam. Hazırda vəziyyətim normaldır".
Qazi həmçinin qeyd edib ki, Vətən Müharibəsində Suqovuşan azadlığı uğrunda döyüşlərdə iştirak edib və Ali Baş Komandan tərəfindən "Suqovuşanın azad edilməsi" medalı ilə təltif edilib.
TƏBİB də yanıq xəsarətləri alan qazi ilə bağlı açıqlama yayıb. Qurumdan bildirilib ki, Ağdaş rayon sakini, II Qarabağ müharibəsinin iştirakçısı Elvin Məmmədov məişət şəraitində ehtiyatsızlıqdan bədəninin döş qəfəsinin, qarın nahiyyəsinin, sol qolun yanığı diaqnozu ilə 10.07.2022-ci il tarixində xəstəxanaya müraciət edib.
"Xəstəyə Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım göstərilərək, Nərimanov Tibb Mərkəzinə təxliyə edilib. Vəziyyəti stabildir və qısa müddət ərzində ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur", - məlumatda deyilir.