Masallı şəhər Bələdiyyəsinin sədri Azər Baxışov qazilərə “Siz mənim üçün döyüşməyibsiz ki…” deyərək, onlara qarşı kobud şəkildə münasibət bildirib. Bu barədə dünən 7GÜN TV-nin YouTube kanalında yayımlanan “Kor-gör” layihəsində xəbər verilib.
İndilərdə əldə etdiyimiz məlumata görə baş verənlərdən 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat təyin olunmuş Məhşur Məmmədovun da məlumatı var. Ancaq onun bu işə görə Azər Məmmədova iradını bildirəcəyi inandırıcı görünmür. Çünki, hər iki şəxsin eyni komandada təmsil olunduğu barədə müəyyən söz-söhbətlər gəzməkdədir.
Yeri gəlmişkən, biznesmen deputat Məhşur Məmmədovun ölkə mətbuatında siyasi məsələlər barədə açıqlamaları və ya müsahibələri dərc edilir. Deyilənlərə görə onun adından dərc edilən ictimai-siyasi yönümlü açıqlamalar səviyyəsində dünyagörüşü yoxdur.
Məhşur Məmmədov ən zəngin deputatlardandır. Onun ölkə xaricində dəyəri milyonlarla ölçülən çoxlu sayda mülkləri və sair əmlakları var. Guya, biznesmen deputat öz yaxın ətrafındakı iş adamlarına deyib ki, mümkün qədər sərvətlərinizi ölkədə saxlamayın. Hər an təhlükə ola bilər. Biznesmen deputatın belə danışıqlarla nəyi nəzərdə tutduğunu hələlik deyə bilmərik. Onu da bilirik ki, onun sahib olduğu sərvəti qanuni bizneslə əldə etmək qeyri-mümkündür. Belə olan halda Məhşur Məmmədov bu qədər sərvəti necə və hansı yollarla əldə edib?
Söz- söhbət yayılıb ki, biznesmen deputat Məhşur Məmmədov özünü və sərvətini qorumaq üçün böyük şirkətlərindən birini yuxarılara “hədiyyə” etdiyi barədə yaxın ətrafındakı adamlara danışıb. Belə danışıqlarla o, özünü müdafiə etmək istəyir, yoxsa kimlərəsə şər-böhtan atır?
Bu və digər məsələlər barədə araşdırmalar aparıb növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.