Azərbaycanda “Aİ-95” premium markalı BENZİNİN QİYMƏTİ ARTIB

 13-07-2022

Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib. 

MillətinSəsi.info-ın əldə etdiyi məlumata görə, “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək. 

Buna qədər litri 1,6 manatdan satılan benzinin qiymətinin artmasına səbəb isə dünya bazarlarında müşahidə olunan qiymət artımıdır. Belə ki, “Aİ-95” premium markalı benzin ölkəmizdə istehsal olunmadığı üçün xaricdən idxal edilir. Məhsulun idxal dəyərinin artması onun ölkəmizdəki satış qiymətlərinin də artmasına səbəb olub. 

Ümumiyyətlə, “Aİ-95” markalı benzinin qiyməti qlobal bazarlardakı neft qiymətlərindən birbaşa olaraq asılıdır. Misal olaraq, qiymətlərdəki 2020-ci ilin martın 13-də qeydə alınan azalmanı göstərə bilərik. Həmin vaxt “Aİ-95” premium markalı benzin dünyadakı neft qiymətləri fonunda ölkəmizdə 1,5 manatdan 1,2 manata qədər (20 faiz) ucuzlaşmışdı.

Lakin hazırda dünya bazarında neft qiymətlərinin 50 dollar səviyyəsindən 100 dollardan daha artıq dəyərə qədər yüksəldiyini nəzərə aldıqda, “Aİ-95” premium markalı benzinin qiymətindəki artımın qaçılmaz olduğu anlaşılır. 

Bu bahalaşmadan sonra Azərbaycanda benzinin qiymətilə qonşu ölkələrdəki analoji qiymət arasındakı fərq kəskin azalıb.

Müqayisə üçün Azərbaycan və region ölkələrdə benzinin qiymətini (1 litr) təqdim edirik:

Rusiya – 0,80 dollar (48 rubl)
Belarus – 0,86 dollar (2,9 rubl)
Azərbaycan – 1,18 dollar (2 manat)
Ermənistan – 1,26 dollar (520 dram)
Gürcüstan – 1,35 dollar (3,8 lari)
Türkiyə - 1,43 dollar (25 lirə)

İqtisadçı Natiq Cəfərli bildirib ki, premium markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir: “Bu benzin növü siyahıdan çıxarılanda dövlət orqanları bir neçə şirkətlərin iştirakı ilə rəqabətli mühitin yaradılacağını və qiymət tənzimlənməsi baş verəcəyini açıqlamışdılar. Amma bu, baş vermədi, ölkəyə bu benzini SOCAR-ın törəmə şirkəti gətirir və qiyməti də özləri diktə edir”.

Onun sözlərinə görə, əgər bazarda böyük oyunçular olsaydı, fərqli qiymətlər görərdik:

“SOCAR-ın rəqibi və başqa alternativi yoxdur, ona görə də qiyməti istədiyi kimi diqtə edir. Özü də hökumət o qədər primitivdir ki, dünyada neft qiymətlərinin 100 dollardan aşağı düşdüyü gün SOCAR vasitəsi ilə qiyməti qaldırır. Yəni, 1 ay qabaq neft 130 dollar idi, indi 99 dollardır, SOCAR isə bu gün deyir ki, dünyada qiymət artıb deyə, bizdə də qalxır - yenə yalan danışırlar...”, - o qeyd edib.

Qeyd edək ki, dünya ölkələrində Aİ-95 markalı benzinin satış qiyməti ölkəmizlə nisbətdə olduqca yüksəkdir. Üstəlik, hətta Azərbaycandakı müvafiq qiymət artımından sonra belə əksər ölkələrlə müqayisədə Azərbaycanda “Aİ-95”in qiyməti olduqca məqbul hesab oluna bilər.

Məsələn, qonşu Gürcüstanda “Aİ-95” markalı benzinin qiyməti müvafiq olaraq 1,34 ABŞ dolları (2,27 manat) təşkil edir. Daha bir qonşumuz olan Türkiyədə isə sözügedən qiymət 1,46 dollara (2,48 manat) bərabərdir. Azərbaycanda “Aİ-95” Premium markalı benzinin yeni qiyməti Avropa ölkələrindəki qiymətdən də kifayət qədər aşağıdır. Məsələn, cənub-şərqi Avropa ölkəsi Rumıniyada bu rəqəm müvafiq olaraq 1,68 dollar (2,85 manat), qərbi Avropa ölkəsi olan İsveçrədə isə 2,36 dollara (4,01 manat) çatır. 

“Aİ-95” premium markalı benzinin bahalaşmasının Azərbaycan əhalisinə təsiri isə minimum həddə olacaq. Belə ki, ölkəmizdə sözügedən markalı benzin yalnız lüks avtomobillər tərəfindən istifadə olunur. Azərbaycanda istehlak olunan benzin markaları arasında “Aİ-95” premium markalı benzinin payı cüzidir. Ölkəmizdə əsasən “Aİ-92” və dizel markalı yanacaqdan istifadə olunur. 

Beləliklə, xüsusən vurğulamaq lazımdır ki, Azərbaycanda kütləvi şəkildə istifadə olunan Aİ-92 markalı benzinin qiymətində heç bir dəyişiklik edilməyib. Yaxın vaxtlarda da sözügedən markalı benzinin qiymətində hər hansı bir artımın olması gözlənilmir.

Bənzər yazılar

0.36115193367004