“Consonun istefasından sonra ən böyük şadyanalıq Rusiyada, kədərə qərq olanlar isə Ukraynada oldu. Düşünmürəm ki, ona qarşı sürülən ittihamların hər biri doğrudur”.
Bunu politoloq Qabil Hüseynli oxu,az-a Böyük Britaniya baş nazirinin istefası ilə bağlı açıqlamasında deyib. Siyasətçi ilə mövcud durum və bunun gələcəyə təsirləri barədə söhbət apardıq. Müsahibəni təqdim edirik:
- Böyük Britaniyanın baş naziri Boris Consonun və bir sıra nazirlərin istefasının pərdəarxasında nələr var?
- Boris Conson tarixi şəxsiyyətdir və fikrimcə, tarixə düşəcək bir liderdir. İngiltərədə demokratik dəyərlərin uğurla qorunduğunu və buna görə də orada əvəzedilməz şəxs olmadığını hesab edirəm. Britaniya cəmiyyəti Consonun Rusiya rasizminə qarşı mübarizəsini sonadək dəqiq qiymətləndirə bilmədi. Onun bir o qədər də mühüm olmayan əməllərini İngiltərə demokratiyasına uyğun olmayan addımlar kimi göstərməyə çalışaraq istefasına nail oldular. Bu məsələdə Rusiyanın Qərbə rüşvət qismində ötürdüyü böyük pulların rolu da az olmadı. Çünki Consonun istefasından sonra ən böyük şadyanalıq Rusiyada, kədərə qərq olanlar isə Ukraynada oldu. Düşünmürəm ki, ona qarşı sürülən ittihamların hər biri doğrudur. Hər halda Consonun gördüyü böyük işlər fonunda tənqidəlayiq əməllərin çəkisi xeyli az görünür.
- Qabil bəy, Rusiya-Ukrayna müharibəsi fonunda Britaniya baş nazirinin istefası Qərbin Ukraynaya dəstəyini azalda bilərmi?
- Zənn etmirəm, çünki proseslərin başında ABŞ dayanır. Ukrayna, əslində, təkcə öz torpağını qorumaqla Rusiya faşizmini geri oturtmaq üçün yox, eyni zamanda Qərb dəyərlərinin qorunması uğrunda mübarizə aparır. Qərb bloku bu gün Ukraynaya yardım etməklə həm də özünün müdafiə prinsiplərini həyata keçirir və bütövlükdə demokratik dəyərlərə səs verən dünyanın müdafiəsini həyata keçirir. Məsələn, Almaniyada sosial-demokratlar bunu axıra qədər dərk etməyə bilərlər.
Fransa da hər zaman halaypozanlıq edib və Qərb dünyasının həmrəyliyinə kölgə salan bir ölkə olub. Onların indiki prezidenti Emmanuel Makron isə bir o qədər də dərin zəkalı adam deyil. Bütün bunları nəzərə alaraq müəyyən qənaətə gəlmək mümkündür. Lakin İngiltərə, ABŞ, Kanada, Avstraliya, Polşa, Finlandiya, İsveç kimi ölkələrin yaratdıqları anti-Rusiya koalisiyası dağılmayacaq və Qərb Ukraynanın qələbəsinə qədər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.
- Ukrayna xarici işlər naziri Kuleba bildirib ki, Consonun istefasından sonra da Britaniyanın Ukrayna ilə əlaqədar siyasəti dəyişməyəcək. Sizcə, yeni hökumət ölkənin daxili problemlərinə, yoxsa xarici məsələlərə köklənəcək?
- Kulebanın fikri ilə həmrəyəm. Çünki Boris Conson mühafizəkarlar partiyasındandır və bu partiya da hər zaman anqlo-sakson dəyərlərinin keşiyində dayanan bir partiya olub. Bu partiyanın siyasəti sonradan İngiltərənin dövlət siyasətinə çevriləndə də dəyərlər, xarici və daxili siyasət sistemi dəyişməyib. Boris Conson gedəcək və yerinə kimsə gələcək. Sözügedən halla əlaqədar bir misal gətirmək olar ki, bu da sanki saz və hazır vəziyyətdə olan avtomobilin sükanı arxasına başqa biri keçsə də, avtomobilin hərəkətini davam etdirəcək olmasıdır. Əvvəla, anqlo-saksonların, ikincisi isə bütövlükdə bütün Avropanın Ukrayna ilə əlaqədar siyasəti yardım və anti-Rusiya siyasəti olaraq qalacaq.
- Boris Consonun timsalında Böyük Britaniyanın Türkiyəyə dəstəyinin onun istefasında rolu ola biləcəyi ilə bağlı iddialar da var. Sizcə, bu nə qədər real ola bilər?
- Bunu bir arqument kimi qəbul etmək olar. Bəli, Boris Consonun baş nazirliyi dövründə Britaniya-Türkiyə münasibətləri ideal səviyyəyə yüksəlib. O, Azərbaycana da münasibətdə kifayət qədər ardıcıl və prinsipial siyasət yürüdürdü. Ona görə bu hal Consona qarşı çevrilən “ittiham”ların ilham mənbələrindən biri ola bilər. Lakin bu amili həlledici saymaq düzgün deyil.
Aqil Vəlili