Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının üzvləri ilə görüşündə Qərbə qarşı hədə ritorikasının tonunu bir az da sərtləşdirib.
Putinin dedikləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra barıtı çox olan ən güclü çıxış kimi qiymətləndirilə bilər. Görünür ki, müharibənin ilk vaxtlarında istədiyini qopara bilməyən Rusiya rəhbərliyi hərbi əməliyyatlardakı uğursuzluğu ört-basdır etmək üçün bleflər edirdisə, indi vəziyyət bir qədər dəyişib.
Yəni Kremlin cari tezisləri Rusiya hərbi qüvvələrinin Ukraynanın şərq və cənub-şərq istiqamətlərində əldə etdiyi uğurlara söykənir, bu da Moskvanın Qərbə qarşı tərzini daha da amansızlaşdırır.
Putin Rusiyanın irəliləməsindən cuşa gələrək Qərbi açıq döyüş meydanına səsləyir, hərçənd ki, bu, daha çox psixoloji müharibənin elementidir.
Putin nə deyib ki, biz onun üzərinə vurğu edirik? O qeyd edib ki, Qərb döyüş meydanında Rusiyanı məğlub etmək istəyirsə, buyursun, buna cəhd etsin.
“Biz eşidirik ki, Qərb bizimlə son ukraynalıya qədər vuruşmaq istəyir. Bu, Ukrayna xalqı üçün faciədir, lakin görünür, hər şey buna doğru gedir. Amma hamı bilməlidir ki, biz hələlik ciddi bir işə başlamamışıq. Biz sülh danışıqlarından imtina etmirik. Amma bundan imtina edənlər bilməlidirlər ki, nə qədər uzağa getsələr, bizimlə danışıqlar aparmaq bir o qədər çətin olacaq”.
Vladimir Putinin hədəsində blef elementləri indi də mövcuddur, ancaq onun dağıdıcı çıxışına təkan verən başqa güclü amillər də var ki, onları ümumiləşmiş şəkildə sadalamaq yerinə düşər.
Birinci, söhbət heç də NATO-nun kollektiv gücü ilə Rusiyanın gücü arasındakı müqayisədən getmir, güc müqayisəsində Moskva rəqibindən geri qalır. Burada təkcə hərbi güc konteksti nəzərə alınmır, Rusiya həm texnoloji imkanları, həm maliyyə resursları, həm kəşfiyyat resursları, həm də bəzi müasir silahların mövcudluğu baxımından NATO-nu təkbaşına üstələmək potensialına malik deyil.
Ancaq Rusiyada analoqu olmayan elə dağıdıcı silahlar - atom sualtı gəmiləri, qitələrarası ballistik raketləri, nüvə silahları var ki, Qərb onların tətiyinin çəkilməsindən ehtiyat edir.
Görünür ki, Qərbin masasında Rusiyanın nüvə silahını məqsədyönlü şəkildə istifadə riskinin səviyyəsini artırdığına dair kəşfiyyat məlumatları var. Rusiyanın bu nöqtədəki məramı Qərbi Ukraynaya hərbi dəstək verməkdən çəkindirmək və bu mövzuda qərar qəbul edən şəxslərdə qorxu yaratmaqdır.
NATO Rusiyanın nüvə silahına əl atacağı riski ilə bağlı həqiqətləri beş faiz həddində dəyərləndirsə də, Moskvanın məsuliyyətsiz ritorikaya gedəcəyini də istisna etmir.
NATO-nun bu ehtiyatlı duruşu dünyanı mümkün nüvə zərbələrindən qorumaq məqsədlərinə söykənir, hərçənd ki, Alyansın balansında Moskvaya qarşı əks-nüvə zərbələri endirə biləcək potensial mövcuddur. Ancaq nüvə ssenarisinin haraya qədər uzanacağını nə Rusiya, nə də NATO bilir, ona görə Moskvanın özü də nüvə təhdidləri səsləndirsə belə, o da ehtiyat edir.
İkincisi, Rusiyanın yumruğunu bərkidən taxıl ixracı imkanlarını artırması və dünyanı çörəyə möhtac qoymaq ehtimalını əlində rıçaq kimi saxlamasıdır.
Buna görə də NATO müttəfiqləri taxıl ixracını asanlaşdıraraq, Rusiyanın Qara dəniz limanlarında yaratdığı humanitar blokadanı pozmaq üçün yaradıcı həllər axtarışındadır.
Bu axtarışlarda Rusiya ilə danışıqlar da seçim kimi Qərbin qarşısında dayanır, Putinin də niyyəti elə buna nail olmaqdır: Ona görə həm dialoqu önə çıxarır, həm də hədələyir.
Putin NATO-ya barmaq silkələyərkən postsovet məkanını da nəzərə alır və qeyd edir ki, NATO keçmiş SSRİ respublikaları hesabına genişlənə bilməz.
Bu, SSRİ imperiyasının tərkibində olmuş dövlətlərə (Latviya, Litva, Estoniyanı çıxmaq şərti ilə) böyük bir təhdid mesajıdır. Yəni sizin avrointeqrasiya planlarınızın məzmunu və ölçüsü mütləq Rusiyanın cızdığı xətlər üzrə gedə bilər.
PROQNOZLAR:
Rusiya Ukraynada uğur qazandıqca özünün işğalçı rolundan aldığı həzzin dozası artacaq və Qərbi geri oturtmaq üçün qəddar gücdən də istifadə edəcək.
NATO Rusiyanın aqressiyasını cilovlamaq fikrində olsa da, hazırkı mərhələdə etdikləri həlledici praktiki faydalar gətirmir.
Buna görə də NATO Rusiya ilə arasındakı pərdəni aralayaraq danışıqlar masasında həllər tapmağa çalışacaq.
Əgər bunlar da nəticə verməsə, Rusiya silahlarını NATO-ya qarşı da çevirəcək – təbii ki, Qərb Ukraynanın arxasından geri çəkilməsə.
Aqşin Kərimov