70 min vergi borcu olan Faiq Seyidova yeni marşrut xətti verildi - Siyahı

 23-10-2023

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müsabiqəyə çıxardığı Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-İmişli, Sumqayıt-Quba şəhərlərarası, Mingəçevir 12 nömrəli şəhərdaxili, paytaxtın 108A və 169 nömrəli şəhərətrafı, 33 nömrəli şəhərdaxili, 567, 592 və 596 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları üzrə qalibləri müəyyən edib.

AYNA-ya istinadən xəbər veririk ki, qaliblər aşağıdakılardır:

“Bakı-Şabran-Bakı” marşrutu üzrə fiziki şəxs Qasımov Telman Əli oğlu;
“Bakı-Siyəzən-Bakı” marşrutu üzrə fiziki şəxs Qurbanov Azad Məmmədhüseyn oğlu;
“Bakı-Ağcabədi-Bakı” marşrutu üzrə fiziki şəxs Soltanov Səbuhi Adil oğlu;
“Bakı-İmişli-Bakı” marşrutu üzrə iki fiziki şəxs – Mustafayev Bakir Ayaz oğlu və Bayramova Ülviyyə Fəzail qızı;
Sumqayıt-Quba-Sumqayıt marşrutu üzrə fiziki şəxs – Abbasov Hüseyn Əliabbas oğlu və hüquqi şəxs “Sumqayıt-Nəqliyyat -1” MMC;
Mingəçevir 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutu üzrə fiziki şəxs Mustafayev Pərviz Biləndər oğlu;
Bakının 108A nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC;
Bakının 169 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “Bus Trans” MMC;
Bakının 33 nömrəli şəhərdaxili müntəzəm marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC;
567 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “ENA Transport” MMC;
592 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “Xaliq Faiqoğlu” MMC;
596 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə fiziki şəxs Orucov Malik Ələkbər oğlu.

Bildirilir ki, onlar komissiya üzvlərindən ən çox bal əldə edərək qalib elan olunublar.
Qeyd edək ki, 592 nömrəli şəhərətrafı müntəzəm marşrutu üzrə hüquqi şəxs “Xaliq Faiqoğlu” MMC ilə bağlı çoxsaylı məhkəmə iddiası qaldırılıb. 

Bir neçə ay əvvəl “Xaliq Faiqoğlu” MMC-yə qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmə iddiası qaldırılıb.

Məhkəmə iddiasının vergi məsələləri üzrə mübahisələrlə bağlı olduğu bildirilir. 

Nizamnamə kapitalı 20 manat olan “Xaliq Faiqoğlu” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb.

Paytaxt ərazisində 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərinə sahib olan “Xaliq Faiqoğlu” MMC-nin uzun müddət dövlət büdcəsinə  böyük həcmdə vergi borcu olub.

Hazırda “Xaliq Faiqoğlu” MMC-nin vergi borcu olmasa da, bu şirkətlə eyni hüquqi ünvanda (Binəqədi rayonu, Mir Cəlal, ev 1D) yerləşən və eyni şəxsin (Faiq Seyidov) rəhbərlik etdiyi “Xaliq Faiqoğlu Şirkəti” MMC-nin dövlət büdcəsinə 70 min 80 manat 40 qəpik vergi borcu var.

Qeyd edək ki, Seyidov Faiq Sadıq oğlu “Xaliq Faiqoğlu” MMC-nin tabe olduğu “Safa Holdinq”ə də rəhbərlik edir. “Xaliq Faiqoğlu”ndan başqa “Safa Holdinq”in tərkibində “Safa Plaza”, “Safa Beauty and Spa”, “Safa Restoran”, “Safastore” və “Safa İnşaat” da fəaliyyət göstərir.

Məlumat üçün onu da əlavə edək ki, son zamanlar “Xaliq Faiqoğlu” MMC-yə qarşı bir sıra məhkəmə iddiası qaldırılıb.

- 2022-ci ilin noyabr ayında “SOCAR Petroleum” QSC “Xaliq Faiqoğlu” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlı iddia qaldırıb.

- 2022-ci ilin aprel ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Xaliq Faiqoğlu” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində icarə müqaviləsi üzrə mübahisələrlə bağlı iddia qaldırıb.


- Ötən ilin aprel ayında Azərbaycanda aparıcı mobil rabitə operatorlarından biri olan “Azerfon” MMC ("Nar mobile") də “Xaliq Faiqoğlu” MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.


-  Bunlardan başqa Azərbaycanda avtobus və yük avtomobillərinin satışını həyata keçirən “Grand Motors” MMC və avtomobillərin ehtiyat hissələrinin idxalı və topdan satışı ilə məşğul olan "Lokomotiv" MMC də "Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıblar.


 - Hətta, bu ilin yanvar ayında şirkətin direktoru Seyidov Faiq Sadıq oğlu da rəhbərlik etdiyi şirkətə qarşı borc müqaviləsi üzrə mübahisələrlə bağlı iddia qaldırıb.

Bənzər yazılar

0.058961868286133