“Azərbaycan Hava Yolları” ASC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərovun kürəkəni İqnazio Coracinin Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən “ASC Handling Limited” şirkəti işçi axtarır.
Yeniavaz.com xəbər verir ki, 2 gün əvvəl Böyük Britaniyanın elan saytlarında yerləşdirilən məlumatda “ASC Handling Limited” şirkətinin Londondakı hava limanlarında yük daşıyacaq işçilər axtardığı qeyd olunub.
Məlumatda bildirilir ki, “ASC Handling Limited” maksimal ağırlığı 32 kiloqrama qədər olacaq yükləri daşıyacaq işçilərə il ərzində 27 – 33 min funt-sterlinq (56 000 – 69 000 manat) əmək haqqı təklif edir.
Cahangir Əsgərovun kürəkəninin işçilərə təklif etdiyi aylıq əmək haqqı orta hesabla 2,5 min funt-sterlinq (5,2 min manat) təşkil edir.
Onu da qeyd edək ki, təxminən 2 ay əvvəl Londonun 2-ci ən böyük hava limanı olan “Gatvick”də “ASC Handling Limited” şirkətinin işçiləri etiraz aksiyası keçirməyi planlayıblar. İngiltərənin məşhur “The Mirror” nəşrinin yayımladığı özəl xəbərdə qeyd olunub ki, “ASC Handling Limited” şirkətinin işçiləri aşağı əmək haqqından şikayət edirlər.
“Unite” adlı həmkarlar təşklatının rəhbəri deyib ki, İqnazio Coracinin şirkətində çalışan işçilər saatda 12 funt-sterlinqdən də az əmək haqqı alırlar və işə gəlmək üçün bəzən pul tapa bilmirlər.
“The Mirror” yazır ki, italyan əsilli İqnazio Coraciyə məxsus olan şirkət pandemiyaya görə 2021-ci ildə hökumətdən 3,28 milyon funt-sterlinq, 2020-ci ildə isə 3,796 milyon funt-sterlinq yardım alıb. Lakin, İqnazio Coraci bu vəsaiti “Gatvick” hava limanında işləyən işçilərə ödəməyib.
İngiltərə mətbuatı yazır ki, işçilərin etirazından sonra “ASC Handling Limited” şirkətinin rəhbərliyi əmək haqqının artırılacağını açıqlayıb.
Məlumat üçün qeyd edək ki, “ASC Handling Limited” şirkəti əsasən Londonun ən böyük hava limanı olan Hitrou Beynəlxalq Hava Limanında fəaliyyət göstərir.
43 yaşlı İqnazio Coraci “ASC Handling Limited” şirkətindən başqa daha 6 şirkətə rəhbərlik edir. Belə ki, İqnazio Coraci 20 may 2006-cı ildən “Silkway (UK) Ltd”, 15 may 2008-ci ildən “Aviation Servicing Company Ltd”, 22 yanvar 2013-ci ildən “ASC Handling Limited”, 12 avqust 2015-ci ildən “Cargo İnvest Limited”, 12 fevral 2016-cı ildən “Airport Servicing Company Limited” şirkətlərinə rəhbərlik edir.
Bunlardan başqa İqnazio Coraci 12 fevral 2016 – 9 may 2017-ci il tarixlərində “AS582 Limited”, 5 aprel 2008 – 17 dekabr 2008-ci il tarixlərində “Gazelli İnternational Limited” və 14 fevral 2014 – 23 fevral 2016-ci il tarixlərində “İcleverweb Ltd” şirkətlərinə rəhbərlik edib.
Cəmilə Əsgərova və İqnazio Coraci
Xatırladaq ki, İqnazio Coraci Cahangir Əsgərovun böyük qızı Cəmilə Əsgərova ilə evlidir. Cəmilə Əsgərova Londonda qeydiyyata alınan “Gazelli International Limited” şirkətinə rəhbərlik edir. Bu ilin əvvəlinə olan sonuncu məlumata görə “Gazelli International Limited” şirkətinin ümumi aktivləri 13,47 milyon funt-sterlinq (28 milyon manat) təşkil edir.
Elnur Əli