Lökbatan qəsəbəsi Vüqar Əsədov adına BAXÇADA NƏ BAŞ VERİR?! - “Uşaqlara yavan çörək verilir” - ŞOK İDDİA

 02-07-2022

Vətəndaş Qaradağ rayonu Lökbatan qəsəbəsi Vüqar Əsədov adına bağçanın direktoru Əsli Alıyevadan narazıdır. 

Övladı həmin bağçaya gedən valideyn Oxu.Az-a açıqlamasında bildirib ki, müəssisədə uşaqlara normal baxılmır:

“Uşaqlara səhərlər yavan çörək verilir. Günorta yeməyində isə sadəcə şorba verilir ki, tərkibində düyü və kök olur. Mən uşağımı səhər evdə yedirib, sonra bağçaya aparıram ki, orada ac qalmasın”.

Valideyn deyir ki, bağçada uşaqlardan hər ay pul da yığılır: “Aylıq bağçaya 20 manat veririk. Hər ay salfet və yuyucu vasitə üçün uşaqların hər birindən əlavə iki manat yığılır. Uşaqlar o salfetlərdən heç istifadə etmirlər. Eyni zamanda, bağçaya gələn yataq dəstlərini “QAZel”lərə yükləyib satışa göndərirlər”. 

Yayımlanan şikayətlə bağlı bağça rəhbərliyi açıqlama vermək əvəzinə, saxta yollara əl atır. 

Belə ki, o, valideyn Xəlilova Nailə Maarif qızı adından saytımıza saxta imzalı məktub ünvanlayıb. Məktubda orada baş verənlərlə bağlı deyilənlərin heç bir əsası olmadığı bildirilib. 

Belə bir şikayətlə Oxu.Az-a müraciət etmədiyi halda, adından saxtakarlıqda istifadə olunan Nailə Xəlilova ilə əlaqə saxladıq.

O, saytımıza açıqlamasında belə bir müraciət ünvanlamadığını bildirib: “Mənə direktor Əsli Alıyeva dedi ki, bir sənədə imza atmalısan. Mən də ona bildirdim ki, sayta gedən məqalə üçün məlumatı mən təqdim etməmişəmsə, niyə imza çəkməliyəm? Təbii ki, etmədim. Mənim adımdan bu saxtakarlığa yol verənlərin qanun qarşısında cavab vermələrini istəyirəm”.

Qeyd edək ki, yazı dərc olunan zaman yayımladığımız şikayətlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan məsələnin araşdırıldığı deyilsə də, hələ də cavab təqdim edilməyib. 

Görünür, bu cür saxtakarlıq edənləri kimlərsə hələ də vəzifədə saxlamaqda maraqlıdırlar.

Bənzər yazılar

0.20438694953918