"5 oktyabr - Beynəlxalq Müəllimlər Günü" münasibətilə valideynlərdən pul yığılır? - İDDİA

 04-10-2023

Bakı şəhər Təhsil İdarəsi 177 saylı məktəbdə "5 oktyabr - Beynəlxalq Müəllimlər Günü" münasibətilə valideynlərdən pul yığılması xəbərinə münasibət bildirib. 
 

Qlobal.az-ın elektron poçtuna göndərilən açıqlamada deyilir: 
 
Təhsil müəssisələrində qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edilir.

Qeyd edək ki, təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, 146-1 saylı telefon vasitəsilə Çağrı Mərkəzinə və ya 146 saylı "Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur.

Anonim məlumatlar əsassız olaraq məktəb və müəllim nüfuzuna xələl gətirməklə bərabər, onların araşdırılması, iddianın nə dərəcədə həqiqətə uyğun olmasını müəyyən etmək də səmərəli nəticə vermir.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq anonim məlumatlar istisna olmaqla, daxil olan bütün müraciətlər operativ şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəb direktorlarına tövsiyə olunub ki, pedaqoji kollektiv və valideynlərlə müvafiq istiqamətdə görüşlər keçirilsin və maarifləndirici söhbətlər aparılsın.

Həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimlərə hər hansı formada hədiyyələr verməsinin və ya vəsait toplanmasının yolverilməz olduğu diqqətə çatdırılıb.

“Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsait toplanması yolverilməzdir.

Bu kimi hallarla rastlaşdıqda nazirliyin “Qaynar xətt” xidmətinə (146) anonim olmadan məlumat verməyinizi xahiş edirik. Bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinə tapşırıqlar verilib. Məsələ ilə bağlı müvafiq monitorinqlər aparılacaq”, - məlumatda deyilir.

Nazirlik, həmçinin əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Eyni zamanda, valideynlərə müraciət olunaraq bildirilib ki, təhsil ictimaiyyətinin başlatdığı #MənimMüəllimim çağırışına qoşularaq müəllimlərə xoş söz, təbrik mesajlarının çatdırılması onlar üçün ən böyük hədiyyədir.

İnanırıq ki, valideynlər və ictimaiyyət nümayəndələri də bu təşəbbüsə daha yaxından dəstək olacaq, məktəb və müəllim nüfuzunun qorunması, gələcəyimiz olan uşaqların layiqli vətəndaş kimi yetişdirilməsi işinə öz töhfələrini verəcəklər".
 
Qeyd edək ki, sentyabr ayının 29-da elektron poçtumuza 177 saylı məktəbdə "5 oktyabr - Beynəlxalq Müəllimlər Günü" münasibətilə valideynlərdən pul yığılması barədə məlumat daxil olub. 

Həmin məlumatda ümumilikdə 350-ə yaxın şagirdin təhsil aldığı, hər şagirdə görə isə valideynlərdən 20 manat pul yğıldığı iddia edilirdi.

Bənzər yazılar

0.093755006790161