“Problemli kreditlər bank sektoru üçün arzuolunan deyil. Çünki problemli kreditlərin həcminin artması bank sektorunun gəlirliyinə, likvidliyinə birbaşa təsir göstərir”.
Bu sözləri Valyuta.az Milli Məclisin deputatı Vüqar Bayramov problemli kreditlər haqqında danışarkən deyib.
Deputat deyib ki, bu gün problemli kreditlərin həcmi ümumi kredit portfelində kifayət qədər azdır:
“Son statistik göstəricilərə əsasən, avqustun 1-də artım qeydə alınsa da, devalvasiyanın nəticələrinin aradan qaldırılması ilə bağlı Prezident tərəfindən imzalanmış fərman və növbəti dövrlərdə Mərkəzi Bankın qaydalarına uyğun olaraq kreditlə bağlı şərtlərin sərtləşdirlməsi problemli kreditlərin həcminə təsir göstərib”.
Vüqar Bayramov bildirib ki, problemli kreditlərin həcmində müşahidə edilən artımın özü də arzuolunan deyil. Bütün hallarda banklar çalışmalıdır ki, problemli kreditin həcmində artım baş verməsin:
“Söhbət aylıq artımlardan gedir. İlin əvvəli ilə müqayisədə problemli kreditlərin həcmində azalmalar müşahidə olunur. Güman olunur ki, aylıq artımlara mövsümü faktorlar, o cümlədən, bir bankın müflüsləşməsi də təsir göstərib. Banklar üçün problemli kreditlərin artması arzuolunan deyil, amma onlar problemli kreditin ümumi kredit portfelindəki payını qoruyub saxlamağa çalışırlar və növbəti dövrlərdə də çalışmalıdırlar. Çünki problemli kreditlərin kredit portfelində məqbul hesab edilən həddən yuxarı olmaması olduqca vacibdir”.
“Banklar kreditlərin zamanında ödəməyən vətəndaşlar üçün hansı güzəştlər etməlidir” sualına cavab olaraq Vüqar Bayramov bildirib ki, kreditləri ödəməyən vətəndaşlarımız üçün banklar tərəfindən müəyyən yüngülləşdirici tədbirlərin atılmasına ehtiyac var:
“Faizlərin yenidən baxılıb azaldılması, kredit müqaviləsinin uzadılması kimi şərtlər ola bilər. Bu baxımdan kredit ödəməkdə çətinlik çəkən vətəndaşlarımız üçün bankların daha çox təşviqedici, yüngülləşdirici addımlar atması və bütövlükdə bu istiqamətdə kredit ödəyə bilməyən vətəndaşımıza faizləri azaltmaqla, müddəti uzatmaqla, aylıq ödənilən məbləğin həcmini aşağı salmaqla problemli kreditlərin azalmasına və həmin vətəndaşlarımızın kredit ödənişlərinin bərpa edilməsinə nail olunması mümükündür. Bu istiqamətdə də addımlar atılması vacibdir və bu, bütövlükdə bank sektorunun sağlamlaşdırlması baxımından vacib hesab olmalıdır”.
Qeyd edək ki, bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 534,3 milyon manat təşkil edib. Bu rəqəm avqustun 1-i ilə müqayisədə 8 % çoxdur. Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 10%, son 1 ildə isə 19% azalıb.