Hərbi biletləri çap edən şirkətlə Eldar Mahmudovu nə bağlayır? – 265 min pul ayrılıb

 24-09-2023

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “İndiqo” MMC (VÖEN – 1400595071) olub.

Ekonominfo.az xəbər verir ki, Dövlət Xidməti “İndiqo” MMC-yə 45 000 hərbi biletin çapı üçün 265 min 500 manat ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi bir ədəd hərbi bilet üçün 5 manat 90 qəpik ödəniləcək.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “İndiqo” MMC 20.05.2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 manat olan MMC-nin qanuni təmsliçisi Aslanbəyil Səbuhi Əli oğludur. 

“İndiqo” MMC ilə bağlı diqqət çəkən məqmlardan biri odur ki, bənzər adda (yalnız bir hərf fərqi) daha bir MMC dövlət qeydiyyatına alınıb. “İndigo” MMC (VÖEN – 1700172901) adlı şirkət isə 22.09.2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 manat olan MMC-nin qanuni təmsilçisi Abdullayev Riad Fuad oğludur.

“İndiqo” MMC-nin direktoru Səbuhi Aslanbəyilinin sosial şəbəkə hesabında paylaşdığı şirkət loqosu ilə “İndigo” MMC-nin rəsmi veb-saytında paylaşılan şirkət loqosu eynidir. Eyni zamanda hər iki MMC adından paylaşılan digər məlumatlardan da belə görünür ki, "İndiqo" MMC ilə "İndigo MMC fərqli adlarla fəaliyyət göstərən eyni şirkətdir. 

Hər iki MMC-nin də eyni fəaliyyətlə - mətbəə-çap işləriylə məşğul olduğu görülür.

Məlum olduğu kimi Dövlət Vergilər Xidməti MMC-lərin təsisçiləri haqqında məlumatları açıqlamır.

Lakin mətbuatda və sosial şəbəkələrdə yer alan məlumatlardan belə görünür ki, “İndigo” MMC-nin təsisçisi Cavid Babayev adlı şəxsdir. Məsələn, bu ilin mart ayında “Marsol” şirkətinin rəsmi saytında yer alan məlumatda Cavid Babayev “İndigo” MMC-nin təsisçisi kimi təqdim olunub.

Cavid Babayev eyni zamanda mətbəə-çap məhsulları və avadanlıqlarının satışı ilə məşğul olan “Halal-P” MMC-nin (VÖEN – 1700184421) sahibidir.

Onu da qeyd edək ki, “İndiqo” MMC daha əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tenderində qalib olmayıb. Bu ilin mart ayında Dövlət Xidmətinə yeni rəis təyin olunub. Yeni rəis Mürsəl İbrahimov ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı olub. Sabiq nazir Eldar Mahmudov 2015-ci ildə tutduğu vəzifədən azad olunan zaman Mürsəl İbrahimov da MTN-dəki işindən ayrılıb.

Məlumat üçün onu da qeyd edək ki, “İndigo” mətbəəsinin adı müxtəlif vaxtlarda Eldar Mahmudov ilə birgə hallanıb. Hətta dünyanın onlarla ölkəsindən olan məşhur araşdırmaçı jurnalistlərin yaratdığı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsi (OCCP) çərçivəsində açıqlanan məlumatlarda “İndigo” məbəəsinin Eldar Mahmudovla bağlılığının olduğu yazılıb.

Bundan başqa Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus olan “Caspian Crystal” şirkətinin rəsmi saytında da bu şirkətin “İndigo” mətbəəsi ilə əməkdaşlıq etdiyi qeyd olunub.

Ölkənin aparıcı media orqanlarında da “İndigo” mətbəəsinin Eldar Mahmudova bağlı olması barədə çoxsaylı iddialar yer alıb.

İddia olunub ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general Nizami Şirinov əvvəllər "Halal-P" MMC-də işləyib, daha sonra "İndigo" mətbəəsində payçılardan biri olub.

Məsələ ilə bağlı “İndigo” MMC-yə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, MMC-nin Nizami Şirinov adlı təsisçisi olmayıb.


Bənzər yazılar

0.34350991249084