MTN polkovniki Bahadır Qocayev: "İşimə ədalətli baxılmasa, özümə qəsd edəcəyəm”

 27-06-2022

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar və Kürdəmir şöbələrinin keçmiş rəisi, bu qurumdan kənarlaşandan sonra isə Lənkəran Dövlət Universitetinin (LDU) prorektoru olmuş polkovnik Bahadır Qocayev 9 aydır ki, həbsdədir. Onun yarım ilə yaxın davam edən məhkəməsi iyunun 24-də yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hakim İradə Həsənzadənin sədrliyilə çıxarılan hökmə əsasən, 1963-cü il təvəllüdlü Bahadır Qocayev 5 il 6 ay azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 32.312 (rüşvət verməyə təhrik) maddələrilə təqsirli bilinib.

MillətinSəsi.info Meydan TV-yə istinadla xəbər verir ki, 63 yaşlı MTN polkovniki özü haqqında 5 il 6 aylıq həbs hökmünü eşidəndə ağlayıb. Məhkəmə zalında onun vəziyyəti pisləşib.

“Mənə niyə bu cəzanı verdiniz? Mənim həyatımı niyə puç etdiniz?”, – o, İradə Həsənzadə, Azər Paşayev və Əhməd Quliyevdən ibarət hakimlər kollegiyasına üzünü tutaraq, belə deyib.

Hökm elan edilməmişdən əvvəl onun vəkili çıxış edərək, müvəkkilinə bəraət istəyib. Vəkilin sözlərinə görə, Bahadır Qocayevə qarşı irəli sürülmüş ittihamlar məhkəmədə təsdiqini tapmayıb.

Ardınca təqsirləndirilən polkovnik son sözünü deyib. O bildirib ki, ittihamlar əsassızdır. 26 il əməliyyatçı kimi fəaliyyət göstərdiyini, dövlət qarşısında xidmətləri olduğunu deyən, Bahadır Qocayev vurğulayıb ki, heç kimə qarşı dələduzluq etməyib, heç kimdən pul tələb eləməyib. O iddia edib ki, bu işin arxasında ona qarşı ədavəti, qərəzi olan Rafiq Muradov adlı şəxs dayanır.

Rafiq Muradovla Bahadır Qocayev arasında ev problemi olub. Onların mübahisəsilə əlaqədar məhkəmə çəkişməsi gedib. Rafiq Muradovun sözlərinə görə, Xaçmaz rayonunda yerləşən evi borc pul əvəzinə Bahadır Qocayevə etibarnamə ilə verib. Həmin ev də qanuni əsasla alınıb. Sonradan Bahadır Qocayev evinin ələ keçirildiyini iddia edərək, müqavilənin ləğvini tələb edib. Bununla əlaqədar tərəflər arasındakı mübahisə məhkəməyə qədər gedib çıxıb.

“Allah xatirinə, o evi də istəmirəm. Gedib Biləsuvardakı ata evimdə oturaram, bircə məni buradan çıxarın. Məni bədbəxt etməyin”, – Bahadır Qocayev bildirib.

O əlavə edib ki, dələduz, cinayətkar deyil, heç vaxt pulgir olmayıb. O qədər pis dolanıb ki, hətta nişan üzüyünü də dolanışığa görə satıb:

“Əynimdəki şalvardan başqa heç nəyim yoxdur. Yaşadığım mənzili də qaynatam alıb. İki saat evimdə axtarış apardılar, heç nə tapmadılar. Görmüşük ki, evdə axtarış ediləndə qızıl nəsə tapılar. Heç nişan üzüyünü də tapmadılar. Çünki dolanışığa görə satıb, pulunu yemişdik”.

Bahadır Qocayev onu da bildirib ki, dəfələrlə Prezidentə, Birinci vitse-prezidentə məktublar göndərib:

“Mən həmişə vətənimin təhlükəsizliyinə xələl gətirənlərin qarşısında olmuşam. Məni bədbəxt etməyin. 9 aydır həbsdəyəm. Kimsə mənimlə prinsip aparırsa, əl çəksin. Bu, artıq düşmənçilikdir. Mən Kürdəxanı Həbsxanasının rəisi Elnur müəllimə də demişəm. Uzun müddət susdum, danışmadım. Amma işimə ədalətli baxılmasa, özümə qəsd edəcəyəm”.

Bahadır Qocayev 2015-ci ilin oktyabrında MTN-də çoxsaylı vəzifəli şəxslərin həbsilə nəticələnən əməliyyat zamanı işdən kənarlaşdırılanlardan biri olub. O, MTN-dən sonra Lənkərən Dövlət Universitetinin prorektoru təyin edilib. İddia olunur ki, Bahadır Qocayev özünü DTX polkovniki kimi təqdim edərək, iş düzəltmək adıyla insanlardan pul alıb və qaytarmayıb.

Bənzər yazılar

0.32027506828308