İrəvan öhdəliklərindən imtina etsə, Bakı alternativ nəqliyyat marşrutları üzərində işləyəcək

 16-09-2023

Ermənistan öz öhdəliklərindən imtina etsə, Azərbaycan digər ölkələrlə alternativ nəqliyyat marşrutları üzərində işləyəcək.

Bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Əgər Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina etsə və təcrid olunmuş vəziyyətdə qalmaq istəsə, onda Bakı gözləmək fikrində deyil və artıq regionun digər ölkələri ilə alternativ layihələr üzərində fəal işləyir. Biz logistik ehtiyaclarımızı Ermənistan hökumətinin şıltaqlıqlarına bağlamayacağıq və regional tərəfdaşlarımızla hərəkət etməyə davam edəcəyik”, - H.Hacıyev deyib.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, çünki sıx ticarət-iqtisadi əlaqələrin regionun sülh, sabitlik və rifahına töhfə verəcəyinə inanır.

"Bu kontekstdə biz həmin istiqamətdə irəliləyiş əldə etmək üçün böyük səylər göstərən Rusiya Federasiyasının mövqeyini yüksək qiymətləndiririk", - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri qeyd edib.

H.Hacıyev bildirib ki, nəqliyyat əlaqələrinin açılması ilə bağlı danışıqlarda müəyyən durğunluq müşahidə olunur. Beləliklə, o xatırladıb ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının müddəalarından biri Zəngəzur dəhlizinin açılmasıdır ki, bu da Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi deməkdir.

“Təxminən 3 il keçsə də, sazişin bu bəndi hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib. Zəngəzur dəhlizinin açılması, ilk növbədə, üç onillikdə Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun nəqliyyat və logistika arxitekturasının kənarında qalan Ermənistanın özünə sərf edir. Azərbaycan sülh yolu ilə nizamlanmaya sadiqdir və gərginliyin artmasında maraqlı deyil”.

O, Azərbaycan və Ermənistan arasında Azərbaycanın təklif etdiyi və Ermənistanın qəbul etdiyi beş əsas prinsip əsasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar aparıldığını xatırladıb.

“İki ölkənin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəlik bu prinsiplərin təməl daşıdır. Təəssüf ki, son vaxtlar Ermənistan rəhbərliyinin bir sıra hərəkətləri, o cümlədən Ermənistanın baş nazirinin 2 sentyabr tarixində Qarabağdakı tanınmamış qanunsuz rejimə “müstəqillik günü” münasibəti ilə təbriki sülh prosesinə ciddi ziyan vurub”.

Prezidentin köməkçisi Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün deklarativ şəkildə tanınmasına baxmayaraq, faktiki olaraq, İrəvanın Ermənistanın dövlət büdcəsindən Azərbaycan ərazisində qanunsuz separatçı xuntanı, o cümlədən, əsasən, Qarabağdakı Ermənistan silahlı qüvvələrindən ibarət silahlı birləşmələri maliyyələşdirməkdə davam etdiyini vurğulayıb.

“Qarabağda Ermənistanın körüklədiyi “boz zona”nın bütün perimetri boyu erməni qeyri-qanuni silahlı dəstələri bizim ərazilərimizi kütləvi şəkildə minalayırlar - sanki 2020-ci ilə qədər Ermənistanın torpaqlarımıza qoyduğu bir milyondan çox mina onlara bəs etməyib. Demək olar ki, Ermənistan azərbaycanlılara qarşı minalardan kütləvi qırğın silahı kimi istifadə edir - yalnız 2020-ci ildə 44 günlük müharibədən sonrakı dövrdə 300-dən çox vətəndaşımız terrorun qurbanı olub.

Digər ciddi təxribat isə Xankəndidə qanunsuz rejim tərəfindən sentyabrın 9-da qondarma prezident seçkisinin keçirilməsidir. Həm Azərbaycan qanunvericiliyini, həm də beynəlxalq hüquq normalarını kobud şəkildə pozan bu seçkinin mütləq qanunsuz və qeyri-legitim olduğunu BMT başda olmaqla, bütün beynəlxalq ictimaiyyət, eləcə də region ölkələri bir daha təsdiqləyiblər. Ermənistan silahlı qüvvələrinin sərhəddə və Qarabağda hərbi təxribatlarının və diversiyalarının tez-tez baş verməsi  bizi narahat edir”, - deyə o vurğulayıb.

H.Hacıyev, buna baxmayaraq, Azərbaycanın sülh prosesinə sadiq olduğunu və Ermənistanın konstruktiv danışıqlar yoluna qayıtmasını gözlədiyini qeyd edib:

“Biz Ermənistan rəhbərliyini Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin dövlətimizə reinteqrasiyası prosesinə mane olmamağa və ölkəmizin suverenliyinə xələl gətirməyə çalışmamağa çağırırıq. Rusiya və Azərbaycan arasında 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır və onların inkişafına nəzərəçarpacaq təkan verir. Hətta indiki çətin geosiyasi şəraitdə də ölkələrimiz arasında münasibətlər etibarlılıq imtahanından çıxır”.

O əmin olduğunu bildirib ki, Azərbaycan və Rusiya birgə səylərlə ən mürəkkəb regional məsələləri, o cümlədən regional oyunçuların regional məsələlərin həllini nəzərdə tutan “3+3” formatında həll edə biləcəklər.

“Biz həm siyasi, həm də iqtisadi sahədə sıx qarşılıqlı əlaqədəyik. Bu ilin birinci yarısının məlumatları ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını, qarşılıqlı turizm göstəricilərinin yüksəldiyini, mədəni-humanitar sahədə sıx əməkdaşlığın davam etdiyini göstərir. Sentyabrın 15-də Azərbaycanda yeni tədris mövsümü başladı və ölkəmizdə hər il olduğu kimi, məktəbli və tələbələrin rus dilində tədrisinə böyük tələbat var. Üstəlik, ildən-ilə rus dilini öyrənməyə maraq yalnız artır. Qeyd etməyə bilmərəm ki, dövlətimiz də öz növbəsində bu tələbatın ödənilməsi üçün bütün lazımi şəraiti yaradır”, - deyə Hikmət Hacıyev sözlərini yekunlaşdırıb.

 

Bənzər yazılar

0.26205897331238