"Bilirsiniz ki, Milli Məclisdə Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. İşçi qrupun Şimali Kipr Türk Respublikasına ilk rəsmi səfəri olub. Mən də həmin nümayəndə heyətinin tərkibində ölkəyə səfər etdim. Bu, Şimali Kiprə birinci səfərim deyildi. Əvvəl də orada olmuşdum. Səfər ən yüksək səviyyədə təşkil olunmuşdu. Orada Azərbaycan Mədəniyyəti Mərkəzinin açılışında iştirak etdik. Çox əlamətdar bir gün idi. Sözün əsl mənasında, tarix yaşadığımızın fərqində idik. Səfərimiz çərçivəsində həm də ikitərəfli münasibətlər, parlament diplomatiyası sahəsində görüləcək işlər müzakirə olundu. Qarşılıqlı intensiv səfərlərin baş tutması üçün bütün vacib addımların atılması məsələləri də müzakirə olundu".
"Ölkə.az" xəbər verir ki, bu sözləri pravda.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov Şimali Kiprə səfəri zamanı "Qaragilə" mahnısını ifa etməsindən danışarkən deyib.
"Səfərin son günü Şimali Kiprin Prezidenti Ersin Tatarın ziyafəti var idi. Həm Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti, həm Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu, həm də Azəbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bir yerdə oldu. Türkiyədən dəvət olunmuş rəsmilər, müğənnilər, film qəhrəmanları, tanınmış idmançılar da həmin ziyafətdə iştirak etdilər. Türkiyəli millət vəkili, dostum orada beş-altı türk xalq mahnısı ifa etdi. Onun ifası çox yaxşı alındı. Sonra Türkiyə Taekvondo Federasiyasının prezidenti də qalxıb bir neçə mahnı ifa etdi. Hətta müğənni xanımla duet ifa etdilər. Sonra yenidən mənim dostum olan millət vəkili qalxıb "Çırpınırdı Qara dəniz" mahnnısını oxudu. Təbii ki, onlar müəyyən boğazları o qədər də bilmirlər. "Çırpınırdı Qara dəniz"in son bəndini qalxıb onunla birgə ifa etdim. Sonra bir ajiotaj yarandı. İstədilər ki, mən də oxuyum. Yəqin ki, səsimi bəyəndilər. Öz millət vəkillərimiz, azərbaycanlı dostlarımız da təkid etdilər ki, oxumaq lazımdır. Həqiqətən, Azərbaycanın xalq musiqisi də orada təmsil olunmalı idi. Bunu əvvəlcədən düşünmüşdüm. Lakin onlarda texnika yox idi ki. Məcbur oldum, dedim ki, mən oxuyacağam, siz də mənim səsimlə, avazımla musiqini ifa edin. Musiqisiz mahnı ifa etmək çox çətindir. Təbii ki, biz peşəkar musiqiçi deyilik. Videonu tam çəkməyiblər. Sonda hamı ayağa qalxıb, alqışladı. Mənim musiqi təhsilim olub. Musiqi məktəbində tar sinfini bitirmişəm, 15-ə yaxın musiqi alətində ifa edə bilirəm. Oxumaq isə hərdən olur, hobbi kimi. Musiqini sevirəm, düşünürəm ki, musiqi duyumum var. Amma mən siyasətçiyəm. Missiyam tamamilə başqadır. Bacarığımız varsa, belə məqamlarda göstərməliyik. Minnətdaram ki, cəmiyyət belə müsbət reaksiya verdi", - deyə deputat bildirib.