Sumqayıt Dövlət Universitetinə təyin edilən rektor kimdir? - DOSYE

 13-09-2023

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Rüfət Eyvaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru təyin edilib.

Rüfət Əzizov bu təyinatadək Təhsil İnstitutunun direktoru vəzifəsini icra edib.

Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsinə imtahansız qəbul olub və 2003-cü ildə oranı bitirib.

Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib və Kimya Elmləri Namizədi (PhD) elmi dərəcəsini alıb.

2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək, London Materiallar İnstitutunun peşəkar üzvlüyünə qəbul olub (“Chartered Scientis”t).

2014-2016-cı illərdə ADA/“Maastricht” Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oksford Universitetinin (“Said Business School”) ali biznes idarəçiliyi, “Executive” MBA proqramını bitirib.

Rüfət Əzizovun iş təcrübəsi biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir.

2 il (2003-2005) Lomonosov adına MDU-da elmi-işçi vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak edib.

8 il (2005-2012) bp şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanıb, material/korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışıb.

2008, 2010 və 2011-ci illərdə müxtəlif nominasiyalar üzrə “bp-də İlin Mühəndisi” Mükafatına layiq görülüb.

2012-ci ildən metal istehsalı sahəsində fəaliyyət göstərən “Unimetal-Prometal” şirkətlər qrupunun icraçı direktoru kimi metal sənayesi layihələrini, istehsal əməliyyatlarını və strateji inkişaf proqramlarını idarə edib.

Oksford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir.

Ailəlidir. 2 övladı var.

 

Bənzər yazılar

0.3053719997406