Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub.
Ekonominfo.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderlərin qalibi “Stinger Group” MMC (VÖEN – 1307478851) olub.
Tender müsabiqəsinin şərtlərinə görə “Stinger Group” MMC Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə 34 min 985 manat 82 qəpik dəyərində ağac tingləri və güllər satacaq.
Tender müsabiqəsiylə bağlı diqqət çəkən məqam odur ki, 11 manat nizamnamə kapitalı ilə Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 125, m. 28-də qeydiyyata alınan şirkət barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. 14.12.2021-ci ildə dövlət qeydiyyatına alınan şirkətin ofisi, əlaqə telefonları, rəsmi saytı, sosial şəbəkə hesabları ictimaiyyət üçün açıq deyil, ya da ümumiyyətlə mövcud deyil.
Şirkətlə bağlı maraqlı məqam isə odur ki, bu şirkətin adına ancaq tender müsabiqələrində rast gəlmək olur. Adına heç bir yerdə rast gəlinməsə də “Stinger Group” MMC son 5 ayda 4 tender müsabiqəsində qalib olub. Tender müsabiqələrinin 3-nü Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi, 1-ni isə Müdafiə Nazirliyi keçirib. “Stinger Group” MMC qalib olduğu tenderlərin hər birində fərqli məhsullar təqdim edib:
- Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə 27,4 min manat dəyərində işçi geyimləri,
- Müdafiə Nazirliyinə 395,1 min manat dəyərində Hərbi Dəniz Qüvvələri üçün təmir materialları,
- Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə 25,6 min manat dəyərində avtomobil ehtiyat hissələri,
- Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə 35 min manat dəyərində ağac tingləri və güllər satacaq.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb.
Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Barəsində açıq mənbələrdə heç bir məlumat olmayan bu şirkətin 4 fərqli istiqamətdə keçirilən tender müsabiəqlərində qalib olması başa düşülən deyil.
Məlum olan yeganə fakt odur ki, şirkətin qanuni təmsilçisi (direktor) Məmmədov Əhməd Kavı oğlu eyni zamanda “Muğanbank” ASC-nin Pərakəndə Bankçılıq Departamentinin rəhbəridir.
Qeyd edək ki, Məmmədov Əhməd Kavı oğlu “Muğanbank” ASC-nin sahibi, 2005-2015-ci illərdə Qazax rayonunun deputatı olmuş Əhməd Vəliyev həmyerlisidir.
Xatırladaq ki, nizamnamə kapitalı 137,5 milyon manat olan “Muğanbank” ASC 1992-ci ildə dövlət qeydiyyatına alınıb.
Hazırda bankın əsas səhmdarları Munir və Samir Vəliyev qardaşlarıdır. Daha əvvəl “Muğanbank” ASC-nin əsas səhmdarı olan Elmir Mehdiyev bu yaxınlarda bankdakı 74%-lik payından yarısını (37%-ni) Munir Vəliyevə, digər yarısını isə Samir Vəliyevə təhvil verib.
Bundan başqa bankın digər səhmdarı Fəridə Mehdiyeva isə öz səhmlərinin 6%-nin yarısını (3%) Munir Vəliyev, digər yarısını isə Samir Vəliyevə (3%) satıb.
Bu ilin əvvəlində “Muğanbank” ASC-nin səhmdarları aşağıdakı kimi olub:
Bankdakı 74%-lik payını satan Mehdiyev Elmir Maqbet oğlu sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin kürəkənidir. Səhmlərin 10,65 %-nə nəzarət edən Vəliyeva Vəfa isə Əhməd Vəliyevin qızıdır. Digər 2 səhmdar isə Əhməd Vəliyevin qudaları olub.
Onu da qeyd edək ki, Əhməd Vəliyevin qudası Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi Maqbet Mehdiyev ötən ilin noyabr ayında vəfat edib.
Bankın yeni səhmdarları Munir və Samir Vəliyevlər isə Əhməd Vəliyevin oğlanlarıdır.
Hazırda Əhməd Vəliyev Odlar Yurdu Universitetinin rektoru, böyük oğlu Samir Vəliyev Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, kiçik oğlu Munir Vəliyev isə Odlar Yurdu Universitetinin 1-ci prorektorudur. Onların hər üçü profesordur.