“Gədəbəy”dən qızıl hasil edən şirkətin sahibi Con Sununu kimdir?Corc Buşun “sağ əli” olub

 08-09-2023

Dünyadakı ən böyük erməni diaspor təşkilatlarından biri olan Amerika Erməni Milli Komitəsi (ANCA) ABŞ-ın Nyu-Hempşirin ştatının qubernatoru Kris Sununuya qarşı etiraz kampaniyası keçirir.

Ekonominfo.az xəbər verir ki, etiraz kampaniyasının səbəbi Kris Sununun ailə üzvlərinin (atası və qardaşı) Azərbaycanda fəaliyyət göstərən “Anglo-Asian Mining” şirkətində pay sahibi olmalarıdır.

Qeyd edək ki, ötən il “Anglo-Asian Mining” şirkəti ilə Azərbaycan hökuməti arasında saziş imzalanıb. Həmin sazişə görə işğaldan azad olunan ərazilərdəki (Zəngilan və Kəlbəcər), həmçinin Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdəki (“Qızılbulaq” və “Dəmirli” yataqları) faydalı qazıntı yataqları “Anglo-Asian Mining” şirkətinin istifadəsinə verilib.

ANCA hesab edir ki, işğaldan azad olunan torpaqlar ermənilərə məxsusdur və “Anglo-Asian Mining” şirkətinin Azərbaycan hökumətiylə belə bir müqavilə imzalaması qanunsuzdur.

Məlumat üçün bildirək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanan Hasilatın Pay Bölgüsü tipli müqavilə çərçivəsində fəaliyyət göstərir. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo Asian Mining" şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına "Gədəbəy" yatağında 2009-cu ildə başlanılıb.

Hazırda “Qoşa”, “Qaradağ”, “Gədəbəy”, “Dəmirli”, “Ordubad”, “Vejnəli”, “Xarxar”, “Qızılbulaq” yataqlarının işlənməsi “Anglo-Asian Mining” şirkətinə verib.

Qeyd edək ki, “Anglo-Asian Mining” şirkətinin əsas səhmdarları arasında 1989-91-ci illərdə - ABŞ Prezidenti Corc Buşun dövründə “Ağ ev”in Aparat rəhbəri olmuş Con Sununu və onun oğlu Mikayel Sununu da yer alır.

Con Sunununun valideyinləri yunan və ispan əsilli xristianlar olub. Sunununun babası 20-ci əsrin əvvəllərində Livandan ABŞ-a köçüblər. 1939-cu ildə anadan olan Con Sununu uzun illər Respublikaçılar Partiyasında aktiv siyasətlə məşğul olub. 1983-cü ildə Nyu-Hempşirin 75-ci qubernatoru olub və ardıcıl üç müddət qubernator seçkilərində qalib olub.

1989-cu ildə Prezident Corc Buş onu “Ağ ev”in Aparat rəhbəri təyin edib. “Ağ ev”dəki geniş səahiyyətləri səbəbindən məşhur “Time” jurnalının 21 may 1990-cı il sayında onun haqqında tənqidi yazı yayımlanıb. “Time” jurnalının üz qabığında yer alan məqaləyə "Buşun pis polisi" (“Bushs Bad Cop”) başlığı qoyulub.

2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-a səfəri zamanı Vaşinqtonda Con Sununu ilə də görüşüb.

Con Sunununun böyük oğlu – 1964-cü il təvəllüdlü Corc Sununu isə 2003-2009-cu illərdə ABŞ Senatının üzvü olub.

Con Sunununun kiçik oğlu – 1974-cü il təvəllüdlü Kris Sununu 2017-ci ildə etibarən Nyu-Hempşirin ştatının qubernatorudur.

Mənbə Ekonominfo.az

Bənzər yazılar

0.18222498893738