Hikmət Hacıyev: “Ermənistan Azərbaycanla sülhün bərqərar olmaması üçün əlindən gələni edir”

 07-09-2023

“Ermənistan Azərbaycanla sülhün bərqərar olmaması üçün əlindən gələni edir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq “i24NEWS” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycan bu müharibənin başa çatdığına inanır:

“Təəssüf, Ermənistan tərəfinin addımlarından görünən odur ki, o, Azərbaycanla sülhün bərqərar olmaması üçün əlindən gələni edir. Amma biz sülhə nail olmaq imkanının itirilməsinə yol vermək istəmirik”.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan Ermənistana sülh sazişi imzalamağı təklif edib:

“Bu proses ABŞ və bir sıra digər ölkələr tərəfindən dəstəklənir. Lakin ikinci mühüm mərhələ Qarabağ əhalisinin Azərbaycanın siyasi, iqtisadi və sosial spektrinə reinteqrasiyasıdır. Təəssüf ki, Ermənistana tabe olan, onun tərəfindən maliyyələşdirilən və dəstəklənən separatçı qurumu görürük. Onlar boz zona statusunu saxlamaq və Azərbaycanın siyasi, sosial, iqtisadi həyatına reinteqrasiya olmamaq istəyərdilər”, - Prezidentin köməkçisi vurğulayıb.

O bildirib ki, Azərbaycan yeni yollar salıb, həmçinin onları ölkənin qalan hissəsi ilə birləşdirib:

“Ermənistanı Qarabağla birləşdirən Laçın-Xankəndi yolu var. Amma logistika və nəqliyyat baxımından daha səmərəli, böyük potensiala malik, bütün Azərbaycan bazarlarına və qonşu ölkələrə birbaşa çıxışı olan Ağdam-Xankəndi yolu da var”.

H.Hacıyev əlavə edib ki, bu, reinteqrasiya prosesi üçün yaxşı imkandır:  “Lakin qarşı tərəf inadla “yox” deyir. Azərbaycanla İsrail arasında əməkdaşlıq üçüncü dövlətə qarşı deyil, iki ölkənin xeyrinədir”.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan müstəqil xarici siyasət yürüdür və dostlarını özü seçir:

“Bu, hər iki tərəfin xeyrinə olan ikitərəfli əməkdaşlığa da aiddir. İlk növbədə, bu, iki ölkənin, xalqın mənafeyi naminə əməkdaşlıqdır və bunun tarixi əsası var. Yəhudi və Azərbaycan xalqları arasında əməkdaşlıq və dostluq bizim genimizdə var. Azərbaycanda yaşayan yəhudilər bizim bacı-qardaşlarımızdır. Fəxr edirik ki, yəhudi icması Azərbaycan cəmiyyətinin inklüziv və ayrılmaz hissəsidir. Biz həm də qürur duyuruq ki, Azərbaycan tarixində antisemitizm halı olmayıb”, - o bildirib.

H.Hacıyev vurğulayıb ki, yəhudi icmasının təkcə bu gün deyil, keçmişdə də Azərbaycan mədəniyyətinin və dövlətçiliyinin çiçəklənməsinə verdiyi töhfələri yüksək qiymətləndirir.

Prezidentin köməkçisi qeyd edib ki, ölkənin böyük yəhudi icması Azərbaycanla İsrail arasında dostluq və əməkdaşlıq əlaqələrinin, vətəndaşlarımız arasında təmaslar vasitəsilə bu əlaqələrin daha da dərinləşməsində əsas məqamdır:

“Azərbaycan İsrail və Türkiyə ilə yeni üçtərəfli əməkdaşlıq formatını təklif edir. Dostlarımızın bir-biri ilə dost olması Azərbaycan diplomatiyası üçün çox vacibdir. Buna görə də Azərbaycan Türkiyə ilə İsrail arasında dostluq və qarşılıqlı anlaşmanın davam etdirilməsindən məmnundur. Azərbaycan, eləcə də, iki tərəfdaşı arasında dialoqun və daha yaxşı anlaşmanın inkişaf etdirilməsi prosesinə öz töhfəsini verir”, - o bildirib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan bundan sonra da bu məsələdə öz rolunu oynamağa davam edəcək: “Azərbaycanın üçtərəfli formatda əməkdaşlığı gücləndirmək təklifi var, belə ki, Azərbaycan, Türkiyə və İsrail qarşılıqlı fəaliyyət göstərə bilərlər”.

 

Bənzər yazılar

0.32488608360291