Daha bir ölkədə “TikTok”a qadağa qoyuldu. Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə “TikTok”un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verib.
Uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən “TikTok” sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı şikayətlər artdığı üçün ölkə platformaya qadağa qoymaq qərarına gəlib.
"TikTok" sosial şəbəkəsinə ayrı-ayrı vaxtlarda Seneqalda, Somalidə, Hindistanda, ABŞ-da və Ermənistanda da məhdudiyyət qoyulub. Qeyd edilən ölkələr gənclərin həyatına mənfi təsir göstərən sosial media platformasının bağlanmasını vacib hesab ediblər.
Azərbaycanda bir çoxları tərəfindən “bayağı videoların paylaşıldığı məkan” kimi tanınan bu platforma bir sıra insidentlərlə də yadda qalıb.
Azərbaycanda da ara-sıra “TikTok”un bağlanmasına çağırışlar edilib, onun tənzimlənməsi barədə fikirlər səsləndirilib. Buna səbəb kimi platformada gənclərin və uşaqların düşüncələrinə mənfi təsir edən videoların paylaşılması, cəbhə bölgəsində qoşunların hərəkəti ilə bağlı görüntülərin yayılması kimi paylaşımlar göstərilir.
Azərbaycanda belə çağırışlar əsasən lokal səbəblərdən olsa da, dünyanın bir çox ölkəsində, hətta ABŞ və Britaniyada yüksək səviyyəli dövlət rəsmiləri “TikTok”un bağlanılmasını və ya qanunlarla tənzimlənməli olduğunu bildiriblər.
Azərbaycan görəsən niyə “TikTok”la bağlı anoloji addım atmır?
Valyuta.az-a açıqlamasında internet üzrə ekspert Vahid Qasımov bildirib ki, “TikTok” sosial şəbəkəsinin bağlanması problemin həlli yolu deyil:
“Buna getmək lazım deyil. “TikTok” bir sosial şəbəkədir. Niyə ləğv edilməlidir? Onun içərisində bir çox faydalı məlumatlar var ki, istəyənlər faydalana bilər. Kimsə burada boş və faydasız məlumatlanırsa, bu onların şəxsi problemidir. Ona görə “TikTok”u bağlamaq tamamilə mənasızdır. Onu qadağan edən ölkələr konservativ mövqeli ölkələrdir. Ona qalsa, İranda da internetin yarısı bağlıdır. Bu, o deməkdir ki, Azərbaycan da buna getməlidir? Heç də belə deyil. Ölkədə gənclərin tərbiyəsizliyi təbliğ edən hallarla məşğul olmasını istəmiriksə, sadəcə olaraq onlara ailədə tərbiyə vermək lazımdır. Belə də, “TikTok” şəbəkəsini bağlamaqla heç nəyə nail olmayacağıq. Tərbiyəsizlik etmək istəyən hər zaman bunun yolunu tapır. Bunun üçün ölkənin hansısa sosial şəbəkəyə çıxışının bağlanması həll yolu deyil”.
İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov Redaktor.az-a açıqlamasında bildirib ki, proqramın qadağan olunması üçün məhkəməyə müraciət etmək lazımdır:
"Ölkəmizdə internetdən istifadə çox azaddır. İnsanlar istədikləri saytlardan rahat şəkildə istifadə edə bilirlər. Əvvəllər saytı yaradan şəxslər kontenti formalaşdırırdısa, indiki zamanda bu kontenti istifadəçinin özü formalaşdırır. Bu baxımdan, "TikTok"da da kontenti formalaşdıran məhz istifadəçilərdir. Onların qarşısını almaq üçün saytın adminstratoru müvafiq addımlar atmalıdır. Proqramın bütünlüklə qadağan olunması üçün məhkəməyə müraciət edilməlidir. Müraciətdən sonra məhkəmənin qərarına uyğun proqramın İP-ləri blok oluna və ölkədə girişinə qadağa qoyula bilər".
Vəkil Səməd Vəkilov isə Redaktor.az-a açıqlamasında qeyd edib ki, ölkədə "TikTok"un qadağan olunması mümkündür:
"Pornoqrafiya və psixiatrik maddələrin təbliği qanunla qadağandır, bununla bağlı müəyyən cəzalar nəzərdə tutulub. Mübarizə üsullarından biri də qanunsuz fəaliyyəti yayan sosial şəbəkələrin girişinə qadağan tətbiq olunmasıdır. "TikTok" kimi proqramlarda bu cür videoların yayımlanmasında məqsəd böyük auditoriyaya sahib olmaqdır. Bu təbliğat genişlənərsə, "TikTok" proqramı ölkə miqyasında qadağan oluna bilər. Bunun üçün Dövlət Təhlükəsizlik Xidməbtinin (DTX) imkanları var".