Balakən İcra başçısı ilə görüşən şəxs həbs edildi – Qəbulunda söyüş söyüb

 01-09-2023

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin qəbulunda söyüş söyən şəxs həbs edilib.

Qaynarinfo.az-nun məlumatına görə, hadisə dünən səhər saat 10:30 radələrində baş verib.

Belə ki, 1970-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş Anar Zamanov (ad-soyad şərti) işlə təmin olunmaq üçün rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilib.

Qəbulda RİH başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Əliyeva, RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Pirdas Qardaşova, aparatın sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nərgiz Hacıxanova, Balakən rayon Suvarma sistemləri idarəsinin rəisi Ruslan Poladov və “6 saylı Regional Su kanal İdarəsinin Balakən Su kanal sahəsinin rəisi Oruc Orucov iştirak ediblər.

Anar Zamanov işlə təmin olunması üçün icra başçısına müraciət edib. Balakən rayonu üzrə Məşğulluq İdarəsinin müdiri bildirib ki, hələ iş üçün boş yerlər yoxdur, olanda xəbər edəcəklər.

Həmin vaxt icra başçısı İslam Rzayev vətəndaşa bildirib ki, işlə təmin olunması üçün onda olan kağızları prokurorluğa təqdim etsin. O isə əsəbləşərək iclasda iştirak edən rəhbər şəxslərin ünvanına nalayiq ifadələr işlədib, səs-küy salıb. Bu zaman ərazidə olan polis əməkdaşlarına məlumat verilib. Polis onu saxlayaraq şöbəyə aparıb.

Anar Zamanov barəsində icta başçısına və qəbulda iştirak edən vəzifəli şəxslərə qarşı kobudluq etdiyi, nalayiq ifadələr işlətdiyi, ictimai qaydanı pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə protokol tərtib edilib və məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl KİV-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qızının adına olan mənzillə gündəmə gəlmişdi.

Həmin məlumatda bildirilirdi ki, Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Şəmsəddin Qurbanov qeyri-rəsmi şəkildə aldığı evə görə böyük problem yaşadığını iddia edir.

“Qafqazinfo”ya müraciət edən Şəmsəddin Qurbanov paytaxtın Nizami rayon E.Süleymanov küçəsi 65/55-də yerləşən 85 kvadrat metrlik evi qeyri-rəsmi şəkildə 2019-cu ildə aldığını deyib:

“Evi mənə Bəxtiyar və Samir adlı şəxslər satdı, 90 min manata razılaşdıq və pulu tam ödədikdən sonra ev müqavilə ilə mənim adıma rəsmiləşdirilməli idi. İlkin olaraq evə görə qarşı tərəfə 13 min manat pul ödədim. Sonradan bildim ki, evi mənə satan Bəxtiyar Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin kürəkəni, Samir isə onun sürücüsüdür”.

Şikayətçi iddia edib ki, evi alandan bir neçə ay sonra icra başçısının qızı ilə kürəkəni ayrılıb və münasibətlər pozulduğuna görə ona problem yaranıb: “Mən pulu icra başçısının kürəkəni Bəxtiyara və onun sürücüsünə vermişdim. Sonra isə məni Balakənin icra başçısının həyat yoldaşı Rzayeva Nəzakət Barat qızı məhkəməyə verdi və mənzildən çıxmağımı tələb etdi. 2020-ci ilin dekabrında icra başçısının oğlu Vahid və onların ailə sürücüləri gələrək evi təcili boşaltmağımı tələb etdilər”.

Ş.Qurbanov 13 min manatı verdiyi şəxsləri hazırda tapa bilmədiyini deyib: “Əlavə olaraq, Nizami Rayon Məhkəməsi qarşı tərəfin iddiasını təmin etdi,  iyulun 18-də (dünən) icra məmurları ilə birgə gəlib məni iki övladımla evdən çıxardılar. Məhkəmə qərarı ilə bağlı apellyasiya şikayəti vermişəm, həmçinin üzləşdiyim vəziyyətlə bağlı dövlət rəhbərliyinə, hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm. Mən evə görə müəyyən pul ödəmişəm, lakin bütün bunlara baxmayaraq, zərərçəkən tərəfəm”.

Məsələ ilə bağlı Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev “Qafqazinfo”ya açıqlama verib. O, Şəmsəddin Qurbanovun iddialarının tamamilə əsassız olduğunu və həmin şəxsin övladına məxsus mənzilə qeyri-qanuni şəkildə soxulduğunu deyib:

“Həmin şəxs xeyli müddət övladımın evinə soxulub və çıxmırdı. Bununla bağlı məhkəməyə müraciət etdik, iş Ali Məhkəməyədək getdi və bizim haqlı olduğumuz müəyyən edildi. İndi məni çəkindirmək məqsədilə müxtəlif instansiyalara müraciətlər edir. Deyir ki, guya mənim kürəkənim ona deyib ki, bu ev ona qalacaq”.

İcra başçısı Nizami rayonunda yerləşən həmin mənzilin övladına məxsus olduğunu və həyat yoldaşının adına qeydiyyatda olduğunu qeyd edib: “Deyir ki, guya Bəxtiyara pul verib. Əgər Bəxtiyar ondan pul alıb aldadıbsa, deməli, dələduzluq edib, cinayət əməli törədilib. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsin. Lakin belə bir şey olmayıb axı. İstəyir ki, kiminsə evini ələ keçirsin. Mənim vəzifəli şəxs olmağımdan istifadə edib bu yolla çəkindirmək istəyir. Həm də məhkəmənin qərarına əlavə var. Onun övladıma məxsus evi uzun müddət zəbt etməsinə görə kirayəhaqqı hesablanıb, o pulu verməlidir. Bütün qeyri-qanuni hərəkətlərinə haqq qazandırmaq üçün, məhkəmə qərarını icra etməməyə görə bu vasitələrə əl atır”.

Bənzər yazılar

0.10538506507874