Sabunçuda yeznə-qayın davası: Bir neçə bıçaq zərbəsi endirildi

 13-03-2022

Bakı Ağır Cinayətlər Məhkəməsində yeznəsini bıçaqlamaqda ittiham olunan 30 yaşlı İlham Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

virtualaz.org-un xəbərinə görə, hadisə ötən il oktyabrın 10-da  paytaxtın Sabunçu rayonunda baş verib. İ.Əhmədov bacısı ilə kobud rəftar etməsinə və ailədə dava-dalaş salmasına görə yeznəsi Asif Əliyevə iradını bildirib. Yeznə-qayın arasında yaranan mübahisə qansız ötüşməyib. İ.Əhmədov bıçaqla yeznəsinə bir neçə zərbə endirib. Yaralı təcili xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

İ.Əhmədov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən İlham Əhmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində Asiflə bacısının 4 il öncə evləndirklərini, Xaçmaz rayonunda yaşadıqlarını, birgə nikahdan bir övladları olduğunu deyib. Bacısının ailəsindəki maddi vəziyyətlə əlaqədar valideynlərinin onlara ara-sıra yardım etdiklərini, qış aylarında isə yeznəsi ilə bacısının onlarla birgə qaldıqlarını bildirib. Son vaxtlar bacısı uşağının ayaqlarında şiş əmələ gəldiyindən körpənin vəziyyət günü - gündən pisləşib. Uşağı bir neçə tibb müəssisəsinə aparıb müayinə və müalicə etdiriblər. Lakin müalicələr müsbət nəticə verməyib.

“Valideynlərim bacımın oğlunu  xəstəxanaya aparmışdılar. Həkimlər uşağı səhhətinin ağır olduğunu deyiblər və stasionar qaydada müalicə almasını təklif ediblər. Bacım da uşaqla xəstəxanada qalmalı olub. Həmin gün atam zəng vurub dedi ki, yeznəmiz Asif xəstəxanada nəsə narazılıq yaradıb, gəl bir yerdə xəstəxanaya gedək. Atamla birgə xəstəxanaya getdik. Bacım dedi ki, Asif heç bir səbəb olmadan narazılıq yaradır, hətta uşağın müalicə olunmasına görə xəstəxanada qalmağımıza etiraz edir” - İ.Əhmədov ifadəsində deyib.

Onlar xəstəxanada olarkən Asif də arvad-uşağının yanına gəlib, orada qayınatası və qayınanası ilə mübahisəsi düşüb: “Asif zəng vurub narahat etməsin deyə anamın təklifi ilə bacım telefon nömrəsini sındırdı, atam ona yeni nömrə alıb verdi ki, nəsə lazım olsa bizimlə əlaqə saxlasın. Biz xəstəxanadan evə qayıdandan sonra Asif sənədlərini aparmaq üçün evə gəldi”.

Asifin bacısı ilə kobud rəftar etməsi, səbəbsiz yerə xəstəxanada narazılıq salması, valideynləri mübahisə yaratması İlhamda ona  qarşı qəzəb hissi yaradıb. Bu səbəbdən də Asifi cəzalandırmaq qərarına gəlib: “Asif fiziki cəhətdən məndən güclü olduğuna görə ehtiyat edib özümlə bıçaq götürdüm. Yaşadığımız evdən 100-150 metr aralıda, insanların az gediş-gəlişi olan yerdə dayanıb Asiflə söhbət etdim, ona iradımı bildirdim. Asif sözlərimə əhəmiyyət vermədi, dediklərimə biganə yanaşdı, haqsız ola-ola özünü haqlı çıxarmağa çalışdı. Üzərimə gəlib hücum çəkməyə istəyəndə əlimi bıçağa atdım. Bıçaqla ayağına və qarnına vurdum. Zərbənin təsirindən yerə yıxıldı. Neçə zərbə vurduğumu xatırlamıram. Asifi öldürmək niyyətim olmayıb. Əməlimdən peşmanam”.

Zərərçəkmiş Asif Əliyev ifadəsində hadisə baş verən ərəfələrdə qayınatasının evində qaldıqlarını, oğlunun səhhəti ilə bağlı problem yarandığını, ondan xəbərsiz uşağı xəstəxanaya apardıqlarını, buna görə arvadı ilə aralarında narazılıq yarandığını deyib: “Ailə söhbətlərimizə müdaxilə etdiklərinə görə qayınatam və qayınanamla aramızda mübahisə baş verdi. Sənədlərimi götürmək üçün axşamüstü qayınatamın evinə gəldikdə İlham mənimlə işi olduğunu dedi. Evdən bir qədər kənara dəvət etdi, məni döymək istədiyini başa düşdüm. Ailə söhbətimizə qarışmasına görə iradımı bildirdim, sakit danışmasını tələb etdim. Mübahisəmiz düşdü. İlham məni bıçaqla vurdu”.

Zərərçəkmiş ifadəsinin davamında qaynını bağışladığını, onunla barışdığını, deyib və məhkəmədən İlhama yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə İlham Əhmədova 2 il şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Müəllif İ.Rafiqqızı

Mənbə virtualaz.org

Bənzər yazılar

0.15298390388489