Masazırda gölü qurudub sənədsiz evlər tikən “Gold House” icra başçısı ilə necə anlaşıb?

 25-08-2023

Abşeron rayon Masazır qəsəbəsi göl adlanan ərazidə dayanmadan sənədsiz həyət evlərinin tikintisi davam edir.

Ötən həftə Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən zibilli göl deyilən ərazinin doldurularaq yerində sənədsiz evlərin tikilməsi ilə bağlı oxucularımıza məlumat vermişdik. Bildirmişdik ki, tikinti işlərini Elçin, Xəyal və Səyyab adlı maklerlər həyata keçirir.

AzFakt.com-un əldə etdiyi məlumatda qeyd edilir ki, ərazidəki gölü müxtəlif zibil vasitələri ilə dolduran maklerlər, tikinti üçün heç bir icazə sənədlərinin olmamasına baxmayaraq, tikinti işlərini rahat şəkildə davam etdirirlər.

Əldə etdiyimiz məlumata görə göl adlanan ərazidə tikilən yüzlərlə həyət evinin tikintisinə “icazə” Abşeron rayon İcra Hakimiyyətindən verilib. Tikinti həyata keçirən maklerlərin hər ev üçün İcra Hakimiyyətinə sahə və hündürlüyündən asılı olaraq 2500-4000 manat arası vəsait ödədiyi bildirilir.

Dərc edilən yazıdan sonra həmin ərazidə tikinti işləri görən “Gold House” Masazir adlı bir şirkətin rəhbəri Elçin adlı şəxs redaksiyamıza zəng edərək məsələyə münasibət bildirdi.

 
“Gold House” Masazir şirkətinin sahibi Elçin adlı şəxsin açıqlamasında deyilir: “Biz kanalzasiya sularının axdığı və üfunət iyi verən gölü dolduraraq tikinti işi görürük. Bu işimizə görə hər kəs bizə təşəkkürünü bildirir. Çünki çirkab içində olan ərazidə yeni evlər tikərək vətəndaşlara xidmət edirik.

Ərazidə evlərin tikilməsi üçün dövlət qurumlarının rəsmi icazəsinin olmadığını Elçin adlı şəxsə bildirdikdə isə o qeyd etdi ki, “heç bir tikinti icazəsiz tikilə bilməz, sənədimiz olmasa da, cavabdeh olan qurumdan icazə alırıq”.

İş adamı “cavabdeh olan qurumun” hansı qurum olduğunu isə bildirmədi.

AzFakt.com-un əldə etdiyi məlumatda qeyd edilir ki, ərazidə tikinti işləri həyata keçirən maklerlər Abşeron rayon İcra hakimiyyəti ilə “anlaşıblar”.

Məhz Elçin adlı iş adamınında cavabdeh qurum dedikdə Abşeron icra hakimiyyətini nəzərdə tutduğunu deyə bilərik.

Hazırda ərazidə 300-ə yaxın ev tikilib və tikinti işləri sürətlə davam edir.

Ərazidə tikilən yüzlərlə evlərdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xəbəri yoxdur. Yəni tikinti işləri Abşeron rayon icra Hakimiyyətinin “icazəsi” ilə gizli həhata keçirilir.
 
Mənbə azerbaycanrealligi.com,
AzFakt.com

Bənzər yazılar

0.10602378845215