7 yaşlı uşağı öldürməkdə ittiham olunan idman müəllimi: “Uşağı qəsdən öldürmək istəsəm, kameranın altında niyə edirdim?”

 24-08-2023

Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Müdafiə və zərərçəkmiş tərəf indiki mərhələdə hər hansı vəsatətlə çıxış etməyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin davam etməsi şərti ilə işin məhkəmə baxışına təyin edilməsini istəyib. İş üzrə baxış iclası sentyarın 7-nə təyin edilib.

Təqsirləndirilən idmançının vəkili Anar Qasımlı saytımıza açıqlamasında müvəkkilinə verilmiş ittihamlara münasibət bildirib. Müdafiəçi ittihamlarla razı olmadıqlarını, hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyini deyib:

“Mehman Xəlilovun azyaşlını qəsdən öldürmək niyyəti olmayıb. Əməlindən peşmandır, amma özünü Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilir. Mehman istintaqa hadisə barədə geniş ifadə verib. İfadəsində deyib ki, əgər qəsdən öldürmək niyyətim olsaydı, bunu idman zalında, kameraların altında niyə edirdim ki? Dediyinə görə, Fərid perspektivli uşaq olub, amma mütəmadi olaraq məşqlərdən yayınırmış. Onu peşəkar idmançı kimi yetişdirmək üçün də bir az təzyiq göstərib. Müvəkkilimin özünə də qəribə gəlir ki, azyaşlı uşağı niyə qəsdən öldürmək istəsin axı? Burada qəsdən öldürmə cinayətindən söhbət gedə bilməz”.

Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxsə ağır ittihamlar verilməsinin əsas səbəblərindən biri sosial şəbəkələrdə ciddi təpki göstərilməsi olub.

Məhkəmədə məşq zamanı ölən azyaşlının anası ilə idmançı arasında qalmaqal yaşanıb.

“Uşağı 57 dəfə yerə çırpmaq nədir?! De ki, peşmanam, üzr istə, diz çök”, - deyə ana fəryad edib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Qeyd edək ki, hadisə bu ilin aprel ayında qeydə alınıb. Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. O, zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.

M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib. 

İş üzrə baxış iclası sentyabrın 7-nə təyin olunub.

İttihama görə, aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki 4 aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini deyib. Mehman Xəlilov uşağın ölümündə günahkar olmadığını bildirilib.

 

Bənzər yazılar

0.32445192337036