Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi regionlarda bir sıra təhsil müəsissələrində cari təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi “Şəms-95” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 358 782,14 AZN-dir.
“Şəms-95” MMC 17 fevral 1995-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Neapol küçəsi, ev 23, mənzil 37-də yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımov Qasım Məmməd oğludur.
“Şəms-95” MMC 1995-ci ildən fəaliyyət göstərsə də, açıq mənbələrdə barəsində heç bir məlumata rast gəlinmir. Şirkətin əlaqə telefonları və veb-səhifəsi də yoxdur.
Bəzi resurslarda “Şəms-95” MMC-nin adı alqı-satqı firması kimi qeyd edilib. Yeri gəlmişkən, şirkət 10 noyabr 2022-ci il tarixdə MMC-yə çevrilib. Ona qədər “Şəms-95” Firması kimi fəaliyyət göstərib.
Sonda onu da qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tenderin şərtlərində hansı təhsil müəssisələrinin təmir ediləcəyi barədə məlumat yoxdur.