Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında qadın güləşi üzrə 49 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Ruzanna Məmmədovanın Fanat.Az-a müsahibəsi
- Avropa çempionumuzu tanıyaq.
- 2006-cı ildə Masallıda dünyaya gəlmişəm. Güləşə beş yaşımdan, atamın istəyi ilə başlamışam. Atam özü vaxtilə güləşlə məşğul olub. Lakin bəzi səbəblərdən peşəkar karyera qurması alınmayıb. Evdə iki bacı, bir qardaşıq. Böyük bacım əvvəldən oxuyan idi, hazırda Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alır. Qardaşımın isə uşaqlıqdan səhhətində problemlər olduğundan, atam davamçı kimi məni görüb. İdmanla bağlı arzularının məndə reallaşmasını istəyib. Beləcə, 2011-ci ildən Hövsan Olimpiya Kompleksində güləşə başladım.
Bu, mənim beynəlxalq arenada ilk nailiyyətim deyil. Ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-17 dünya birinciliyində gümüş medal qazanmışam.
- Avropa çempionatında final da daxil olmaqla, dörd görüşündən üçünü təmiz qələbə - “tuşe” ilə başa vurdun. Başqa sözlə, zirvəyə birnəfəsə yüksəldin. Belə möhtəşəm performansın arxasında nə dayanır?
- Komanda olaraq Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Güclü təlim-məşq toplanışları keçdik. Həmçinin bizim əfsanəvi idmançımız Mariya Stadnikin dəstəyini qeyd etməsəm, olmaz. Son 1 ayda Stadnik bizimlə birgə məşq keçdi. O, mənə çox kömək oldu. Sparrinq kimi bütün məşqlərdə mənimlə işlədi. Hələ uşaqlıqdan yarışlarını izləyib sevdiyim, kumir seçdiyim Mariya ilə birgə bu yarışa hazırlaşmaq mənim üçün böyük stimul oldu. Ona “çox sağ ol” deyirəm.
- Yarışda yeganə çətinlik çəkdiyin görüş türkiyəli Sevval Çayırla yarımfinal dueli idi. Yanılmıramsa, bunadək onunla bir neçə dəfə qarşılaşmısınız.
- Bəli. Ötənilki dünya birinciliyində mən ona “tuşe” iıə qalib gəlib finala çıxmışdım. Bu Avropa birinciliyi öncəsi Türkiyədə keçirilən beynəlxalq turnirdə isə Sevval 10:5 hesabı ilə üstün olmuşdu. Doğrusu, o, ev sahibi olduğundan həmin qarşılaşmada qələbə qazanmağında hakimlərin də dəstəyi az rol oynamadı. Yenə də, həmin məğlubiyyət mənə çox pis təsir eləmişdi. İnanın ki, Avropa birinciliyində çempionluqdan çox məni onunla görüş maraqlandırırdı. Çox arzulayırdım ki, yenə yarımfinalda qarşılaşaq, onu udub “bürünc” görüşünə göndərim. Elə də oldu. Son qələbənin təsiri ilə xalçaya çox arxayın, iddialı çıxmışdı. Bu da ona baha başa gəldi.
İtaliyalı idmançı ilə final görüşü öncəsi yığmanın məşqçisi, mənim isə şəxsi müəllim olan Solmaz Adilova dedi ki, əsgərlərimiz 30 illik Qarabağ həsrətinə 44 gündə son qoydular, bayrağımızı Şuşaya sancdılar, sən də 4 dəqiqə ərzində burada bayrağımızı ən yüksəyə qaldıra bilərsən. Solmaz xanım məni psixoloji cəhətdən görüşə çox yaxşı hazırlamışdı. Xalçaya əminliklə çıxıb rəqibin kürəyini yerə vurdum. Qələbəmi şəhidlərimizə həsr edirəm.
- Ruzanna, Azərbaycan qadın güləşində böyüklər arasında uğurların demək olar ki, hamısı milliləşmiş idmançıların sayəsində əldə edilib. Leyla Qurbanova, Türkan Nəsirova, Şəhanə Nəzərova kimi yerli güləşçilər aşağı yaş qruplarında dünya və Avropa çempionatlarında fərqlənsələr də, böyüklərdə hələ ki, ümidləri doğrultmurlar. Özündə bu sindromu qıracaq güc hiss edirsənmi?
- Mənim arzum olimpiya çempionu olmaqdır. Aşağı yaş qruplarında qazandığım nəticələr sadəcə əsas hədəfə doğru gedilən yoldur.