Ağdaş rayonunda 1985-ci il təvəllüdlü Səlim şəxsi münasibətlər zəminində arvadı Faziləyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aral Bir kəndində baş verib. Səlim bu ilin martın 1-də yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə zamanı arvadını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib. İş hakim Cavid Sultanovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Fazilə ilə təxminən 14 ildir evlidir: “Bizim 3 övladımız var. Son zamanlar arvadımla aramızda tez-tez söz-söhbət olurdu. Səbəb Fazilənin Bakı şəhərinə köçüb, orada yaşamaq istəyidi. Mən isə bir neçə dəfə Faziləyə Tovuz rayonuna gedib, orada işləməyi təklif etsəm də, təklifimi qəbul etmədi, Bakı şəhərinə getməkdə israrlı olduğunu dedi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, martın 1-də saat təxminən 10.00-da yaşadığı evə gəlib: “Fazilədən mənə yemək verməsini istədim. Yemək yeyən zaman 3-5 günə Tovuz rayonuna işləməyə gedəcəyimi söylədim. Ondan mənimlə getmək istəyib-istəmədiyini soruşdum. Fazilə də Tovuz rayonuna getməyəcəyini söylədi. Həmçinin dedi ki, sən də Tovuz rayonuna getmə, sən orada olanda çox içirsən.
Mən də Faziləyə içki içmədiyimi, əgər inanmırsa, mənimlə Tovuz rayonuna gedib, orada spirtli içki içib-içmədiyimə nəzarət etməsini söylədim. Lakin o, sözlərimə məhəl qoymadı, yenə də Bakı şəhərinə getməkdə israrlı olduğunu dedi. Buna görə aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbləşdim, yediyim yeməyin boşqabını yerə vurdum. "Sənə 15 dəqiqə vaxt verirəm, paltarını geyin çıx get atanın evinə, mənə sənin kimi arvad lazım deyil" deyə söylədim. Sonra özüm də çölə çıxdım”.
Təqsirləndirilən şəxs bildirib ki, təxminən 15 dəqiqə sonra yataq otağına gəlib və Fazilənin orada görüb: “Faziləyə “sənə demədim çıx get” deyə söylədim. Fazilə də nalayiq ifadə işlədərək “mən bu evdə qalmayacağam, uşaqlarımı anamın yanına qoyub, oradan da Bakı şəhərinə tək gedib, orada işləyəcəyəm” deyə cavab verdi. Bu zaman anam yanımıza gəldi. Fazilə anamı görəndə ona nalayiq ifadə işlədərək “sənsən bu işləri başıma açan” deyə söylədi. Mən də Fazilənin sözlərinə əsəbləşdim. Ona “haraya gedirsən get” deyərək saçından tutdum, dartdım. Bir neçə dəfə yumruqla baş, qol nahiyəsindən nahiyələrindən vurdum. Sonra isə oradan getdim”.
Cinayət işi üzrə zərərçəkmiş Fazilə ifadəsində ərinin dediklərini təkrarlayıb. Qeyd edib ki, əri ilə barışıb, ondan şikayəti yoxdur.
Hakim hökm çıxaran zaman ər-arvadını barışmasını nəzərə alıb. Səlimin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.