Ukraynada həlak olan azərbaycanlıların nəşi nə vaxt gətiriləcək? 

 16-08-2023

Xəbər verdiyimiz kimi, Ukraynanın Xerson vilayətində əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan 1992-ci il təvəllüdlü Orxan Mahir oğlu Əzizli və 1995-ci il təvəllüdlü Ramiz Abuzər oğlu Qədirlinin idarə etdiyi avtomobilin üzərindən Rusiyaya məxsus tank keçib və hər iki həmyerlimiz həlak olublar. 

Zərdab rayon icra başçısının birinci müavini Ramo Hacıyev “Unikal”a açıqlamasında həlak olan həmyerlilərimizin Məmmədqasımlı kəndində dəfn olunacağını bildirib.

“Nəşləri hələ ki Azərbaycana gətirilməyib və nə vaxt gətiriləcəyi dəqiq bilinmir. Müəyyən sənədləşmə məsələləri var, onlar həll olunduqdan sonra ölkəyə gətirilərək Məmmədqasımlı kəndində dəfn olunacaqlar. Onlar Ukraynadaya yaşayıb işləyirdilər. Ailələri Məmmədqasımlıda yaşayır”, - deyə icra nümayəndəsi qeyd edib. 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Xalqları Assambleyasının sədri Rövşən Tağıyevin sözlərinə görə, Rusiya hərbçilərinin tankı ərazidən keçən yük maşınına atəş açıb. Nəticədə Azərbaycan vətəndaşları - 1992-ci il təvəllüdlü Orxan Əzizli və 1995-ci il təvəllüdlü Ramiz Qədirli hadisə yerində həlak olublar.

Məlumata görə, ölən həmyerlilərimiz Zərdab rayonunun Məmmədqasımlı kəndinin sakinləridir.

İşğal olunmuş tərəfdəki mənbələrdən məlum olub ki, onlar Ukraynada kənd təsərrüfatı ticarəti ilə məşğul olublar, Rusiya Silahlı Qüvvələri Xerson vilayətini ələ keçirdikdən sonra da onlar işğal olunan əraziləri tərk etməyiblər və bizneslərinə davam ediblər.

Hadisə baş verən gün onlar işğal altındakı Aleşki şəhərindən Krıma tərəvəz aparırmışlar. Gecə komendant saatı zamanı tank yük maşınına atəş açıb.

“Biz dəfələrlə məlumat almışıq ki, Rusiya hərbçiləri işğal olunmuş zonanın yollarında pul tələb edir, yük maşını sürücülərindən gediş haqqı alır. Görünür, ruslar soydaşlarımızla razılığa gələ bilməyiblər və bu dəhşətli cinayət baş verib”, - deyə Tağıyev bildirib.

Ukraynanın rəsmi strukturları hələlik insidentlə bağlı açıqlama verməyib.
 

Bənzər yazılar

0.38834404945374