Fərman Kərimzadənin qızı atasının Rasim Balayevlə xatirəsindən danışdı: "Həmin gün..."

 09-08-2023

Mərhum yazıçı Fərman Kərimzadənin qızı Yeganə Kərimzadə atası ilə Xalq artisti Rasim Balayevin bir xatirəsini bölüşüb.

Ölkə.Az xəbər verir ki, Y.Kərimzadə R.Balayevin 75 yaşı tamam olması münasibətilə onun “Babək” filmindəki obrazına bağlılığından danışıb:

“Bir gün atamla Rasim Balayev günortadan bir az keçmiş evə gəldilər. İkisi də möhkəm ac idi. Tez Allah verəndən süfrəni hazırladıq. Yedilər, içdilər, amma kefləri heç düzəlmədi. Axırda anam dözməyib soruşdu ki, nə olub. Rasim Balayev, bizim Rasim əmimiz susurdu. Atam bildirdi ki, Babəkin ölüm səhnəsi çəkilib bu gün.

Həmin gün obrazdan çıxa bilmirdi. Gözlərində o qədər kədər vardı ki. Onda dərk etdim ki, o obrazını oynamır, yaşayır. Və belə - Allah vergisi olan aktyorlar bu dünyaya çox nadir gəlir. 

Var ol, böyük sənətkar, siz ən ali mükafatlara layiqsiniz. Arzum budur ki, uzun bir ömür yaşayasınız, çünki sizin kimi sənətkar kinomuzun gələcəyi üçün nəsə edə bilər”, - deyə o söyləyib.

Qeyd edək ki, ötən gün 75 yaşı tamam olan R.Balayevə Prezident İlham Əliyev “İstiqlal” ordenini təqdim edib.

 

 

Bənzər yazılar

0.36984896659851