“Mənə istefa çağrışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdır. Mən niyə istefa verməliyəm?”
Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında Hərbi Prokuror Xanlar Vəliyev “Tərtər cinayəti” qurbanlarının yaxınlarının Hərbi Prokurluq qarşısındakı aksiyası və onun istefa tələbinə münasibətində söyləyib.
Xanlar Vəliyevin sözlərinə görə, Hərbi Prokurorluq qarşısına toplaşan şəxslərin bir çoxu məlum işgəncədən zərərçəkənlərin yaxınları olmayıb:
“Biz o adamları qəbul etdik. Məlum oldu ki, onların arasında dövlətə xəyanət ittihamı ilə cəza çəkən şəxslərin yaxınları, həmçinin, qazi adı ala bilməyənlər, hansısa nazirlikdən şikayətçi olanlar var. Bir neçə nəfər də var ki, onların şikayətləri araşdırılır. Bu barədə Baş Prokurorluqdan soruşa bilərsiniz. Çünki, İstintaq Qrupu Baş Prokurorluqda yaradılıb.
"“Tərtər işgəncələri”ndə adıçəkilən əsas şəxslər- Nəciməddin Sadıqovun və Hikmət Həsənovun məsuliyyətdən kənarda qalması iddialarına necə yanaşırsınız” sualına Xanlar Vəliyev belə cavab verib:
“Hərbi Prokurorluq qanunla üzərinə düşən nə vəzifə varsa onu da edib. Bu iş bağlanmamışdı. Açıq qalmışdı, onun da səbəbləri vardı. Sonradan bilirsiniz ki, müharibə başlandı. İndi bu gün bu iş davam edir. Gələcəkdə nə olacaqsa, onu Baş Prokurluqdan soruşa bilərsiniz”.