"Xanımlarımız kobud oynayır, qadınla kişi fərqlənməlidir" - Xalq artisti, rəqqasə Təranə Muradova 

 07-08-2023

“Son vaxtlar professional səviyyədə olmasa da, milli rəqslərimizə maraq artıb. Cavan qızlar, gəlinlər toylarımızda qəşəng oynamaq üçün ustad dərslərində iştirak edirlər. Vaxt var idi cavanlar milli rəqsləri bacarmırdılar, amma indi görürəm ki, gənc nəslin marağı artıb”.

Bu sözləri Ölkə.Az-a açıqlamasında Azərbaycan, ispan, qaraçı və digər xalq rəqslərinin mahir ifaçısı, Xalq artisti, rəqqasə Təranə Muradova deyib. O, qadınların toylarda kobud oynadığını deyərək iradını bildirib:

“Fikir verirəm ki, xanımlarımızın çoxu düzgün oynamır. Bəzi milli əl və ayaq hərəkətlərini bilmirlər. Əksəriyyəti milli rəqsləri kobud oynayır. Rəqsdə qadın hərəkəti kişi hərəkətlərindən çox fərqlənməlidir. Bəzi xanımlar isə ümumiyyətlə əllərini belə qaldırmağa qorxur. Sadəcə iki hərəkət edirlər. Məncə, bu tənbəllikdən irəli gəlir. Bəlkə də utanırlar deyə, düzgün oynamırlar. Amma istəsələr, dərs alsalar, bacararlar. İnsanlar yaşına görə utanmasınlar. Öyrənmək üçün heç vaxt gec deyil.

Bəzilərinin toyda “utanıram, oynaya bilmirəm” deməsi məni narahat edir. Tənbəllik edənlərlə yanaşı, oynamağa çox böyük önəm verənlər də var. Diskotekanı müasir dövrdə hər kəs bacarır. Əsas milli rəqslərə oynamaqdır.

Görürsünüz, türklər öz rəqslərinə necə yanaşırlar. Mən istərdim ki, xalqımız da kütləvi rəqslər etsin, bizim gözəl yallılarımızı bilsinlər. Gənc nəslin milli ruhu itirməməsi üçün bu vacibdir”. 

T.Muradovanın fikrincə toylarda necə oynamaqla yanaşı hansı musiqiyə, mahnıya oynamaq məsələsi də vacibdir:
“Bu gün mahnılar çox korlanıb. O vaxt mahnıların sözlərinin bir mənası vardı, sözlərdə uyğunluq vardı. Amma indi 3 sözdən 2 “tak”dan musiqilər yazılır. Nə qədər “tappa turup” olar?
İnsanlar artıq lirik mahnılardan darıxırlar. Bizim gözəl əsərlərimiz var idi. İstərdim ki, yeni nəsil bəstəkarlar buna daha da diqqətə yanaşsın, şeir yazanlar mənalı olmasına fikir versinlər. İndi çox mənasız mahnılar yazılır. Toyda oturub gözləyirsən ki, hansısa mahnı sümüyünə düşsün ki, durub rəqs edəsən. Bu məsələdə musiqiçilərdə də günah var. Bunu onlara irad turanda deyirlər ki, zamanın tələbidir. Necə yəni?!  İnsan motor kimi oynaya bilməz.
Görürsünüz ki,  xanımlar kişilərlə birgə oynayırlar. Nə qədər “çıkdı-çıkıdı” olar?

Bundan əlavə, musiqi çox toylarda ucadan səslənir. Bəzi yerlərdə səs qalxmalıdır, bəzi yerlərdə isə insanlar bir-birini eşitməlidir. Toydan evə gələndə musiqinin ucalığından adamın başı ağrıyır”.

Xalq artisti buu gün “rəqqasə” sözünün daha çox oriental rəqslərin ifaçılarına deyilməsindən narahatlığını ifadə edib:

“Məncə, “rəqqasə” sözünü sadəcə professionallara demək olar. “Rəqqasə” professional səhnə rəqqasəsinə deyilir. Bu, böyük bir məktəbdir. Bu məktəbi bitirməyən insan gözəl oynaya bilməz. “Rəqqasə” sözünün böyük mənası var. Bizdə “rəqqasə” deyəndə elə bilirlər ki, oriental oynayan rəqqasədən söhbət gdir. Göbək rəqsi ərəblərdə də, Şərq ökələrində çox istifadə olunur. Onun da məktəbi var. Amma bəziləri nə edirlər, necə oynayırlar başa düşmürəm. Ona görə də hər kəsə “rəqqasə” deyilməsi doğru deyil”.

Billurə Yunus

Bənzər yazılar

0.39041495323181