II Qarabağ müharibəsi əlili Maşallah Gülağa oğlu Mənəfovun özünü ağacdan asdığı deyilir.
Yaxınları hadisənin iyunun 16-da qazinin Sabirabad Rayon İcra Hakimiyyətinin binasından çıxdıqdan sonra baş verdiyini qeyd ediblər.
Sabirabad Rayon İcra Hakimiyyətindən M.Mənəfovun özünü asdığını təsdiləyiblər. İcra Hakimiyyətinin mətbuat xidməti yaydığı məlumatında bildirilir ki, Sabirabad rayonu Cavad kənd sakini, Vətən Müharibəsi iştirakçısı, 1986-cı il təvəllüdlü Mənəfov Maşalla Gülağa oğlu 16 iyun 2022-ci il tarixdə Cavad kəndi ərazisində çöl pay torpağında ağacdan özünü asaraq intihar edib:
"Hazırda faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır. Sosial şəbəkələrdə və bəzi internet saytlarında intiharla bağlı yayımlanan video materialın əvvəlində qazi və müharibə iştirakçılarının Sabirabad Rayon İcra Hakimiyyətinin qarşısında toplaşdığı hissə 23 noyabr 2021-ci il tarixdə İcra Hakimiyyətinin inzibati binasının yanında yerləşən Sabirabad Mədəniyyət Mərkəzində N saylı Hərbi Hissənin təşkilatçılığı ilə Sabirabad rayonundan olan şəhidlərin anılması ilə bağlı keçirilən və qazi, müharibə iştirakçılarının da iştirak etdiyi tədbirdən sonra lentə alınmışdır.
Maşalla Mənəfov isə ümumiyyətlə son zamanlar Rayon İcra Hakimiyyətinə gəlməmişdir. Təəssüf hissi ilə bildiririk ki, bəzi informasiya resurslarında yayımlanan əsassız məlumatlar cəmiyyətdə çaşqınlıq yaradır.
Məlumat üçün bildiririk ki, Vətən Müharibəsi iştirakçısı Maşalla Mənəfov 2022-ci ilin fevral ayından Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Əmin” marketlər şəbəkəsində işlə təmin olunmuş, müxtəlif vaxtlarda sosial problemlərinin həlli ilə bağlı müvafiq köməkliklər göstərilmişdir."
Adının çəkilməsini istəməyən icra hakimiyyəti rəsmisi 1986-cı il təvəllüdlü Maşallah Mənəfovun borclu olması səbəbindən intihara əl atdığını bildirib.