Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Əvvəlcə xatirə fotosu çəkdirilib.
IX Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin sözü dövlətimizin başçısına verib.
Prezident İlham Əliyev Forumun açılış mərasimində nitq söyləyib.
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib ki, əminəm ki, burada aparılan müzakirələr bizi qlobal gündəmin əsas mövzularına dair yeni yanaşmalar işləyib hazırlamağa kömək edəcək.
O bildirib ki, hər bir ölkə təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq etməlidir: “Bu mənada Qlobal Bakı Forumu əla platformadır, biz burada müxtəlif tərəflərdən fərqli mövqelər eşidirik”, - deyə Prezident bildirib.
Dövlət başçısı qeyd edib ki, tədbirin gündəliyində duran məsələlərdən biri də aparıcı beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının ərzaq böhranının öhdəsindən gəlməsi ilə bağlıdır: “Çünki ərzaq böhranı qaçılmazdır. Mən Azərbaycan Prezidenti kimi ölkəmizin təhlükəsizlik məsələləri ilə məşğul oluram. Qarabağ münaqişəsinin həll edilməsi regionda sülh və təhlükəsizlik üçün yeni imkanlar yaradıb”.
Prezident İlham Əliyevin sözlərinə görə, bir çox nümayəndə Azərbaycanın işğaldan azad etdiyi ərazilərə səfərlər edir: “Mən istərdim ki, Azərbaycanın postmüharibə dövrünün vəziyyəti ilə bağlı yanaşmasını ifadə edim. Bu situasiya Cənubi Qafqazda regional təhlükəsizliklə əlaqəlidir”, - deyə İlham Əliyev əlavə edib.
O bildirib ki, indi Azərbaycan sülhdən danışır: “Biz istəyirik ki, Cənubi Qafqazda stabillik, dayanıqlı inkişaf olsun. Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşma prosesi üçün öz təkliflərimizi vermişik”.
Dövlət başçısı bildirib ki, Azərbaycan Ermənistanın beş maddəlik baza prinsiplərini (rəsmi Bakı təqdim edib) qəbul etməsindən məmnundur: “Bu, pozitiv dinamikadır. Biz indi praktiki tətbiqləri həyata keçirməliyik. Azərbaycan öz növbəsində sülh müqaviləsinin hazırlanması üçün komissiya yaradıb. Biz gözləyirik ki, Ermənistan da eyni addımı atacaq. Əgər bu, tezliklə edilsə, sonra danışıqlar başlayacaq. Biz gözləyirik ki, Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının müddəalarına riayət etsin”.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyanın açılması məsələsinə hörmətlə yanaşmalıdır: “10 noyabr bəyanatının – Ermənistanın kapitulyasiya aktını imzalamasından il yarım vaxt keçsə də, bu keçid hələ də yoxdur. Bu, qəbuledilməzdir. Bu, Ermənistan tərəfindən 10 noyabr bəyanatının pozulmasıdır”, - deyə İlham Əliyev bildirib.
İlham Əliyev deyib ki, Azərbaycan 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri icra edir.
“Ermənistan bir il yarımdır ki, Laçın yolundan istifadə edir. Bununla da Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhali ilə əlaqə təmin edilir. Ancaq Ermənistan ərazisi vasitəsilə - Zəngəzur dəhlizi ilə Naxçıvanla əlaqə yaradılmayıb. Bu, ədalətli deyil və bununla razılaşmırıq. Zəngəzur dəhlizinin açılması regionda gələcək sülhün fundamental elementidir”.
Prezident İlham Əliyev qeyd edib ki, bu dəhliz vasitəsilə Azərbaycana keçid verilməsə, sülhdən danışmaq çətin olacaq: “Əgər Ermənistan buna əməl etməsə, Azərbaycanın Ermənistanla normal qonşuluq münasibətləri qurmaq səyləri baş tutmayacaq. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin hüquqlarının və təhlükəsizliyinin təmin olunmasını dəstəkləyirik. Azərbaycan Konstitusiyası ilə bütün əhalinin təhlükəsizliyi təmin edilir. Azərbaycan çoxmillətli ölkədir. Erməni əhali isə Azərbaycanda ən böyük etnik azlıq deyil”.
Dövlət başçısı İlham Əliyev bildirib ki, Ermənistan hökuməti Qarabağda status məsələsini qeyd edir: “Bu, Ermənistanın özü üçün təhlükədir. Çünki “Dağlıq Qarabağ” yoxdur. Dağlıq Qarabağ Muxtar bölgəsi 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib. Bizim ərazilərimizdə administrativ strukturlar yoxdur. Ona görə də status məsələsinə istinad etmək yalnız yeni konfrontasiyaya doğru addımdır. Ermənistan tarixi yenidən yazmaq cəhdindən çəkinməlidir və bunu başa düşməlidir. Tarix artıq buradadır. Artıq statusdan danışılmır və danışılmayacaq.
Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoysa, bizim başqa seçimimiz qalmayacaq. Biz də həmçinin Ermənistanın ərazi bütövlüyünü sual altına qoyacağıq”, - deyən Prezident Azərbaycanın tarixi torpaqlarının, Zəngəzurun Ermənistana verilməsi tarixini xatırladıb.
Bundan başqa, Prezident əlavə edib ki, ən yaxşı yol “Minsk qrupu, sağ ol” deməkdir: "Rusiya-Ukrayna müharibəsi aydın şəkildə göstərir ki, ATƏT-in Minsk qrupunun üç həmsədr ölkələri bir araya gələ bilmir. Biz artıq bu mesajları alırıq. Artıq həmsədrlərin funksiyası yoxdur. “Təşəkkür edirik və sağ ol” yox, yalnız “sağ ol”. Çünki 30 il bəsdir, artıq istefa vaxtıdır. Azərbaycanın mövqeyi budur ki, Cənubi Qafqazda əməkdaşlıq və inteqrasiya olsun”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu istiqamətdə ilk addımların atılması üçün təkliflər verib: “Biz bu məsələdə Gürcüstanla məsləhətləşmələr aparırıq. Gürcüstan hökuməti də bu ideyanı dəstəkləyir.
Rəsmi Tbilisi Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri səviyyəsində Gürcüstanda üçtərəfli görüş keçirilməsini və dialoqa start verilməsini dəstəkləyir. Təəssüf ki, Ermənistan bundan imtina edir”, - deyə Prezident əlavə edib.
İlham Əliyev bildirib ki, bir neçə Avropa institutu da eyni təklif səsləndirir və Ermənistan yenə bundan imtina edir.
Sonra Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa, Albaniyanın Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç, Gürcüstan Prezidenti Salome Zurabişvili, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Abul Qeyt və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin çıxış ediblər.
Forum işini panel iclaslarla davam etdirəcək.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda 50-dın çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.