Azərbaycan Rusiya-Ukrayna görüşünə ev sahibliyi etməyə hazırdır

 12-03-2022

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada müharibənin dayandırılması istiqamətində səy göstərirlər. Xüsusilə qardaş Türkiyə tərəfindən Antalya Diplomatiya Forumunda da Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünün keçirilməsi çox müsbət addım və sülhün yaradılmasına böyük töhfə idi. Biz də bunu təqdir edirik, beynəlxalq ictimaiyyət də bunu yüksək qiymətləndirir”.

“Report”un Türkiyə bürosu xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

“Azərbaycana da Ukrayna tərəfindən belə bir təklif olunmuşdu. Amma belə bir niyyət olarsa, biz hər zaman buna ev sahibliyi etməyə hazırıq. Azərbaycan əvvəllər ABŞ və Rusiya arasında yüksək səviyyəli şəxslərin görüşünə, həmçinin NATO-Rusiya danışıqlarına ev sahibliyi edib. Burada da məntiq ondan ibarətdir ki, Azərbaycan nə NATO, nə də KTMT üzvüdür. Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Bu xüsusda düşünürük ki, tərəflərin hər biri özünü rahat hiss edə bilir.

Azərbaycan “3+3” platformasını dəstəkləyir və platformanın ilk iclası da keçirilib. Biz burada regional məsuliyyət prinsipindən çıxış edirik. Region ölkələri olaraq problemlərimizi özümüz həll etməliyik. Biz təkcə problem yox, əməkdaşlıq üçün də potensialı bir araya gətirməliyik”.

Onun sözlərinə görə, bunun bir nümunəsi kimi Azərbaycan, Türkiyə və İran arasında son nəqliyyat sazişini göstərmək olar: “Bu, hər üç ölkəyə, hətta regiondan kənarda olan Mərkəzi Asiyaya da geniş fürsətlər gətirəcək. Ona görə də bu platformada əməkdaşlıq üçün böyük imkanlar var.

Hazırda digər bölgələrdə vaxtı uzadacaq problemlərin yarandığı üçün diplomatik kanallarla “3+3” formatında başqa harada görüşlərin keçirilə biləcəyi ilə bağlı əlavə təkliflər gözləyirik. Növbəti görüşün Türkiyədə keçirilməsinə qərar verilmişdi, ancaq diplomatik kanallarla onun dəqiqləşdirilməsinə ehtiyac var”.

Bənzər yazılar

0.24406385421753