“AzerGold” QSC-də Milli Qurtuluş Günü QEYD OLUNUB

 15-06-2022

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətində (QSC) 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli və Səhmdar Cəmiyyətin əməkdaşları iştirak ediblər.


Tədbirdə çıxış edən QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömür yolu, zəngin, çoxşaxəli fəaliyyəti, xalqımızın taleyində, dövlətçiliyimizin qorunması və inkişafında əvəzsiz xidmətlərindən bəhs ediblər.

Zakir İbrahimov bildirib ki, müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan ulu öndər öz mənalı, zəngin ömrünü bütövlükdə xalqına və dövlətinə həsr edib. 

İdarə Heyətinin sədri dahi şəxsiyyətin ötən əsrin 90-cı illərində müstəqilliyini yeni bərpa etmiş dövlətimizin keçirdiyi ağır siyasi və iqtisadi böhran şəraitində Azərbaycan xalqının təkidli çağırışı ilə siyasi hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını öhdəsinə götürməsi, əsasını qoyduğu müdrik siyasət kursu ilə ölkəmizi tənəzzül vəziyyətindən çıxarması haqqında danışıb.

Qədirbilən xalqımızın məhz bu tarixi Milli Qurtuluş Günü kimi qürurla qeyd etdiyini deyən Zakir İbrahimov ulu öndərin ölkəmizə ikinci dəfə rəhbərliyi dövründə qısa müddət ərzində ictimai-siyasi sabitliyin bərpa edildiyini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə başlanıldığını qeyd edib.

Fenomenal şəxsiyyətin dövlətimiz və xalqımız qarşısında ən böyük xidmətlərindən biri kimi ərazi bütövlüyümüzün bərpası yönündə aparılan ardıcıl və sistemli fəaliyyəti qeyd edən Zakir İbrahimov ümummilli liderin layiqli davamçısı cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti və dəmir iradəsi ilə qazanılan şanlı Qarabağ zəfərinin məhz bu siyasətin məntiqi nəticəsi olduğunu bildirib.

Milli Məclisin sədrinin birinci müavini Ə.Hüseynli qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gələndə ona tənəzzülə uğramış, çox ağır durumda olan ölkə miras qoyulmuşdu.

O bildirib ki, ulu öndər son dərəcə mürəkkəb ictimai-siyasi vəziyyətə baxmayaraq öz müdrikliyi və fədakarlığı sayəsində ölkəmizi uçurumdan xilas edə bilib, dövlət müstəqilliyimizi yenidən itirmək təhlükəsinin qarşısını qətiyyətlə alıb.

Dahi şəxsiyyətin Azərbaycanda dövlət quruculuğu, qanunvericlik bazasının təkmilləşdirilməsi, konstitusiyanın qəbul edilməsi, ordu quruculuğu, neft strategiyası, iqtisadiyyatın inkişafı və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətindən danışan Əli Hüseynli ulu öndərin qurub yaratdığı müasir Azərbaycan dövlətinin sonrakı illərdə cənab Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini, ölkəmizin hərtərəfli gücləndiyini və Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan parlaq tarixi qələbə ilə öz qüdrətini bütün dünyaya nümayiş etdirdiyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Vətən müharibəsində canlarını qurban verən şəhidlərimizin, o cümlədən “AzerGold” QSC-nin qəhrəman əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərovun əziz xatirələri ehtiramla yad edilib, Azərbaycan Dövlət Televiziyasının ərsəyə gətirdiyi “Heydər Əliyev və 44 günlük Zəfər yolu” sənədli filmi nümayiş olunub.

azerigolddazerigoldddazerigoldddd 

 

Bənzər yazılar

0.37439489364624