Pərviz Heydərov yazır...
Məlumdur ki, dövlət büdcəmiz neftdən asılı vəziyyətdədir. Yəni, neft-qaz sektorundan gəlirlər olmasaydı, dövlət büdcəmiz bugünkü səviyyədə olmazdı. Eyni zamanda sosial ödənişləri də ödəmək qeyri-mümkün olardı.
Dövlət Neft Fondundan (ARDNF) transfert məbləği bunu deməyə əsas verir. Dövlətimizin 2022-ci il üzrə əsas maliyyə sənədində 26 milyard 816 milyon manat gəlirin 12 milyard 710 milyon manatını ARDNF-dən transfert təşkil edir.
Ümumiyyətlə, cari il ərzində ümumi gəlirin 54,8 faizini və yaxud 14 milyard 690 milyon manatını neft, 45,2 faizini və ya 12 milyard 126 milyon manatını isə qeyri neft-qaz sektorundan daxilolmalar təşkil etməlidir.
Söhbət, bu ilin dövlət büdcəsindən gedir. Əvvəlki illərdə neft-qaz sektorunun payı daha yüksək idi, qeyri neft-qaz sektoruna hökumətin diqqətinin artması nəticəsində isə vəziyyət xeyli dəyişdi. Məhz bu səbəbdən ikincinin payı hazırda 45 faizdən yuxarı təşkil edir. Sözügedən xətt hazırda da davam etdirilməkdədir.
Azərbaycan dövlətinin və hökumətinin prioritetlərindən biri dövlət büdcəsinin neftdən asılılığını azaltmaqdır. Son illər ərzində də bu istiqamətdə xeyli irəliləyiş əldə edilib, neft-qaz sektorundan gəlirlər sürətlə artmaqdadır. Lakin, ARDNF-dən transfert də azalmır, əksinə artırılır.
Dövlət başçımızın 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən isə 2025-ci ilə qədər dövlət sektorunda xərclənən neft vəsaitlərinin payı 15 faizə enməlidir. Belə ki, hazırda dövlət sektorunda xərclənən hər ikinci manat, ümumi məbləğin 50 faizi Neft Fondundan transfert hesabına maliyyələşdirilir.
İllik maliyyə tutumu 2,1 milyard manata bərabər 3,4 milyon insanı əhatə edən məlum sosial paketlə də əlaqədar yazmışdım ki, bu, ARDNF-dən transfertin artması, yəni 2022-ci ilin dövlət büdcəsində sözügedən qurumun payının 12 milyard 710 milyon manata çatdırılması hesabına baş verməsəydi və yaxud bununla üst-üstə düşməsəydi yaxşı olardı. Xatırladım ki, həm keçən il, həm də ondan əvvəlki ildə dövlət büdcəsinə ARDNF-dən transfert eyni məbləğdə - 12 milyard 200 milyon manat məbləğində həyata keçirilmişdi. Göründüyü kimi, cari ilin büdcəsində Fonddan transfert hər iki keçən illərdəkindən 510 milyon manat və ya 4,2 faiz çox proqnozlaşdırılıb.
Ancaq burada bir nüansı qeyd edim: 2021-ci ildə ARDNF-dən dövlət büdcəsinə 850 milyon manat az, 11 milyard 350 milyon manat transfer edildi. Ötən il üzrə dövlət büdcəsinə transfert bölgüsünə diqqət yetirsək yanvarda Fond ümumiyyətlə pul köçürməyib, ən çox dekabr ayında transfert edib.
Sual olunur niyə ?!
Məsələ bundadır ki, cari ildə olduğu kimi keçən il də neftin dünya bazar qiymətləri bizdə həm dövlət, həm də Neft Fondunun büdcəsində nəzərdə tutulduğundan yüksək səviyyədə olub.
Belə ki, ARDNF-in 2021-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 40 ABŞ dolları (dövlət büdcəsində də 40 dollar proqnoz edilmişdi) nəzərdə tutulduğundan 2021-ci ildə xalis mədaxil 65,4 ABŞ dolları qiymətdə təşkil edib.
Dövlət büdcəsinə gəldikdə isə qeyri neft-qaz sektorundan gəlirlərin və yığımın artması nəticəsində ARDNF-dən transfertə getdikcə tələb azalır. Söhbət, il üzrə nəzərdə tutulandan gedir.
Cari ilin I rübünün yekunlarına dair keçirilən müşavirədə Maliyyə naziri Samir Şərifov da qeyd etdi ki, Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfert 3 milyard 180 milyon manata qarşı 2 milyard 757 milyon manat, yəni, 423 milyon manat az icra olunub. Hansı ki, bu da büdcəyə gəlir göstəricilərinin yüksək olması ilə əlaqədardır.
Bu tendensiya II rüb ərzində də davam edib. Fond tərəfindən 2022-ci ilin yanvarında 727 milyon dollar, fevralda 371 milyon 200 min, mart ayında isə 526 milyon 200 min dollar məbləğində valyuta satılmışdısa, apreldə bu rəqəm 548 milyon 700 min, mayda isə 260 milyon 700 min dollar və ya 47,5 faiz az təşkil edib.
Ona görə də nazir Samir Şərifov qeyd edib ki, neftin proqnoz qiyməti bundan sonra da aşağı səviyyədə götürüləcək və bu sahədə həmişə ehtiyatlı mövqe seçiləcək. Xatırladım ki, cari il üçünsə neftin dövlətin və ARDNF-in büdcəsində proqnoz qiyməti 50 dollar götürülüb.
Tezliklə dövlət büdcəsinə yenidən baxılacağı təqdirdə Neft Fondundan transfert artırılmasa yaxşıdır. Çünki büdcənin icrası o qədər yaxşı vəziyyətdədir ki, bu il də Fonddan transfert çox güman xeyli aşağı həcmdə həyata keçiriləcək. Bu da büdcənin neftdən asılılığını azaltmaq baxımından növbəti şans və siqnal sayılacaq.
Cari ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik dövründə həcminə görə ən böyük büdcədir. Onun gəlir və xərclər hissəsi uyğun olaraq 26 milyard 816 milyon və 29 milyard 879 milyon manat təşkil edir ki, bu, ABŞ dolları ifadəsində hazırkı məzənnə ilə 16 milyard dollara yaxın və 17 milyarddan çox deməkdir.
ARDNF-dən transferti artırmadan belə büdcəyə dəyişiklik etməklə ölkə üzrə minimum əməkhaqqı və pensiya məbləğini qaldırmaq mümkündür. O baxımdan ki, dünya iqtisadiyyatında inflyasiya və bahalaşmanın getdikcə gücləndiyi zamanda ölkəmizdə dövlət büdcəsi yüksək göstəricilərlə icra edilməkdədir. Ən azı sırf sosial istiqamətdə xərcləri artırmaq məqsədilə Fonddan transfert məbləğinə toxunmamaq məsləhətdir.
Ümumiyyətlə, dövlət büdcəsinin real icra vəziyyəti ölkə iqtisadiyyatında diversifikasiya amilinin və dünya neft bazarından asılılığını azaltmağın nə qədər vacib olduğunu göstərir. Düşünürəm, hökumət 2023-cü ildən bu siyasətə daha çox önəm verməli və onu sərtləşdirməlidir.