Qurtuluşdan ZƏFƏRƏ: Müdrik siyasətin parlaq nəticələri

 14-06-2022

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış hər bir azərbaycanlı üçün qürur verici gündür.

Bu əlamətdar gündən ötən 29 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür.

1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.

Bu il də Azərbaycan xalqı Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.

Ulu öndər Heydər Əliyevin arzuları 28 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Milli qurtuluşdan başlanan inkişaf və zəfər yoluna qısaca nəzər salaq.

Böyük xilaskarlıq missiyası

Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Tarixə nəzər salsaq görərik ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü.

Ümummilli Lider müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalı, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi.

Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı, böyük qurtuluşa doğru atılan mühüm addım oldu.

Qurtuluşdan Zəfərə: müdrik siyasətin parlaq nəticələri

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu. Bu istiqamətdə ilk addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə atıldı.

Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə qədim İpək Yolunun bərpasına, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Çini Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.

1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Təfərrüata varmadan demək olar ki, Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşmasının əsasının qoyulduğu gündür.

Heydər Əliyev ideyalarının işığında dinamik inkişaf edən, ərazi bütövlüyü bərpa olunan Azərbaycan

Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır və Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Son 19 ildə Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bütün bunlar əyani şəkildə göstərir ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.

Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir.

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir.

Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Xızı Rayon İcra və Probasiya Şöbəsinin
rəisi, ədliyyə müşaviri, Taleh Bayramov

Bənzər yazılar

0.39283204078674