Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahidlə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Sahibə Qafarova bu səfərin BMT ilə Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə inandığını bildirib.
Bu ilin fevral ayında BMT-nin Azərbaycandakı daimi koordinatoru Vladanka Andreeva ilə Milli Məclisdə görüşünü xatırladan spiker həmin görüş barədə təəssüratlarını bölüşüb. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu il biz Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyini qeyd edirik. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının həmişə çox fəal üzvü olub. Ölkəmiz 155 üzv dövlətin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib ki, bu da ölkəmizin beynəlxalq nüfuzuna dəlalət edir.
Milli Məclisin sədri bildirib ki, bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi BMT-nin təşəbbüslərini dəstəkləyir və qlobal maraq doğuran məsələlərə öz töhfəsini verir. Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanda müxtəlif dini və etnik qruplar əsrlər boyu sülh və dostluq şəraitində birgə yaşayırlar. Eyni zamanda Azərbaycan Şərqdə qadına seçki hüququ vermiş ilk ölkədir. Bu gün Azərbaycanda Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi, həmçinin parlamentdə müvafiq komitə fəaliyyət göstərir.
Görüşdə 44 günlük Vətən müharibəsi və regionda yaranmış yeni reallıqdan danışan Sahibə Qafarova Azərbaycanın davamlı sülh və sabitliyin tərəfdarı olduğunu diqqətə çatdırıb. Spiker tezliklə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacağına inamını ifadə edib.
Azərbaycan Milli Məclisində olmaqdan məmnunluğunu bildirən BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid BMT-Azərbaycan əməkdaşlığının yüksək səviyyədə olmasından, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyindən razılığını bildirib. Söhbət zamanı qonaq parlament şəbəkəsinin qurulmasında Azərbaycanın təcrübəsi və aktiv rolu, gender bərabərliyi, qadınların siyasətdə iştirakı, regionda davamlı sülhün təmin olunmasının vacibliyi və digər məsələlər barədə fikirlərini açıqlayıb.
Görüşdə qonaq Azərbaycanın tezliklə azad edilmiş ərazilərini bərpa edəcəyinə və orada yenidən həyatın öz axarına qayıdacağına inamını ifadə edib.