“Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi son günlərdə intensivləşib.
İyulun 24-ü Bakı-Füzuli marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə saat 10:49-dan 11:16-dək, iyulun 25-i Budapeşt-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Çexiya Hava Yollarının C-680 tipli sərnişin təyyarəsinə saat 14:48-dən 15:25-dək və iyulun 27-i Bakı-Qəbələ və əks istiqamətdə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə saat 14:08-dən 14:30-dək və saat 15:04-dən 15:26-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb”.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu faktlar və əvvəllər baş vermiş eyni hadisələr barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı MN tərəfindən məlumatlandırılıb: “Hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə ciddi təhdid yaradan bu təxribatlara qarşı Rusiya sülhməramlı kontingenti tərəfindən bu günədək heç bir tədbir görülməyib”.
Onu da qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qalan separatçılar ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələrin tətbiqini son günlərdə intensivləşdiriblər.
Separatçılar bu dəfə təkcə Bakı-Füzuli marşrutu üzrə deyil, həm də Budapeşt-Bakı, Bakı-Qəbələ və əks istiqamətdə uçuş yerinə yetirən sərnişin təyyarələrinə radiomaneələr tətbiq edirlər.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, bu faktlar və əvvəllər baş vermiş eyni hadisələr barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı məlumatlandırılıb, ancaq onlar bu günədək heç bir tədbir görməyiblər.
Bu hadisə ilə Azərbaycan-Ermənistan sülh danışıqları üzrə əldə edilmiş nəticələri sabotaj etmək məqsədləri üzə çıxır və onları belə xarakterizə etmək olar:
- Azərbaycanı beynəlxalq aləmin gözündə uçuş təhlükəsizliyini təmin edə bilməyən dövlət kimi etibarsızlaşdırmaq;
- Qarabağ müharibəsi bitdikdən sonra sülhməramlıların müvəqqəti yerləşdiyi əraziləri nəzarətsiz zona kimi təqdim etmək;
- Azərbaycanın Ermənistanla həll edilməmiş məsələlər nəticəsində əmələ gəlmiş “nəzarətsiz” ərazilərin mövcudluğu görüntüsünü, Azərbaycanın regionun təhlükəsizliyinə töhfə verməməsi fonunda qabartmaq.
Hava məkanına təhdid yaradan separatçıların avadanlığı haradan aldıqları da sual doğurur, təbii ki, bu məsələdə əsas diqqət Rusiya, İran və Fransa kimi ölkələrin üzərində cəmlənir.
Halbuki, bunun o qədər də önəmi yoxdur, çünki səbəbləri araşdırmaq vaxt aparır, ona görə də Azərbaycanın haqqı var ki, bütün ölkə üzrə hava məkanının müdafiəsini mərkəzləşmiş idarəetməyə daxil etsin.
Bu baxımdan Azərbaycan sülhün, təhlükəsizliyin, sabitliyin qorunub-saxlanılmasına yönəlmiş tədbirləri çərçivəsində separatçıların əməllərini terrorçuluq kimi qiymətləndirmək hüququna malikdir.
Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti xidmət etdiyi ərazilərə nisbətdə hava məkanı üzərində tam və müstəsna suverenliyini bərpa etmək üçün lazımi xəbərdarlıqlardan sonra hərbi addımlar atmalıdır.
Beləliklə, Rusiya sülhməramlı kontingentinin tədbir görməməsi Azərbaycana belə bir haqq verir ki, separatçıların hava məkanı üçün təhlükə yaradan mövqelərini, bazalarını legitim hədəf seçərək onu məhv etsin.
Bu, Azərbaycanın hücum və müdafiə siyasətinin hibridindən əmələ gələn çağırışların icrasına söykənir.
Deməli, Azərbaycan ümumi mənzərədəki təhlükəsizliyini təmin etmək məqsədi ilə hərbi, siyasi tədbirlər əsasında formalaşan addımlarını ata bilər.
Beynəlxalq aləmdən də Azərbaycana dəstək gəlməlidir, erməniyə qahmar çıxmaq əvəzinə, regional sülh və təhlükəsizliyi sual altına alan, mülki insanlar üçün təhlükə yaradan ünsürlərə qarşı səslər çıxmalıdır.
Başqa vaxt mülki insanların hüquq və təhlükəsizliyi barədə çığıran təşkilatlar ermənilərin mülki təyyarələr üçün təhdidinə susmalı deyillər – hərçənd, lal qalmaq üçün də bir bəhanə tapacaqlar.
Azərbaycan bunu bildiyindən paralel zamanda separatçıların mövqelərinə havadan, qurudan koordinasiya edilən hərbi əməliyyatlara start verə bilər.
Aqşin Kərimov