Jurnalistlər üçün tikilən üçüncü bina NƏ VAXT SAHİBLƏRİNƏ VERİLƏCƏK?

 13-06-2022

Qarşıdan 22 iyul Milli Mətbuat günü, yəni jurnalistlərin peşə bayramının növbəti ildönümü gəlir. Adətən bu təqvim günündə jurnalistika ilə bağlı mühüm qərarlar qəbul edilir.

Bura fəxri adların verilməsi, jurnalistlər üçün tikilən binalardakı mənzillərin bölüşdürülməsi və s. kimi mühüm hadisələri aid edə bilərik.

Bizi üzümüzə gələn 22 iyuldan bir ay müddət ayırsa da, bir sükut hiss olunur. Ən əsası isə jurnalistlər üçün inşa edilən 3-cü binanın taleyi ilə bağlı rəsmi dövlət qurumları tərəfindən heç bir açıqlama verilmir.

Nəzərinizə çatdırmaq istəyirəm ki, indiyə kimi jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 3-bina inşa edilib.

Onlardan ikisi ( 2013 və 2017-ci illərdə istifadə verilənlər) şəfaflıq prinsiplərinə tam əməl edilməsə belə, artıq jurnalistlər arasında bölüşdürülüb. Şəxsən Prezident tərəfindən təməli qoyulan 3-cü binanın da təyinatı sırf jurnalistlər üçün nəzərdə tutulub.

Hətta həmin binanın təməlqoyma mərasimində Prezidentin bu yöndə etdiyi çıxışın məzmunu da medianın arxivində var.

Əslində, 3-cü bina plan üzrə 2020-ci ildə jurnalistlərə paylanmalıydı. Sonra həmin binanın tikilişində ciddi korrupsiyaya yol verildiyi üzə çıxdı və binanın tikilməsi və paylanılması üzrə məsul olan KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli həbs edildi.

Bir müddət də binadakı mənzillərin paylanmasınının yubadılması bu amillə izah edildi. Artıq Vüqar Səfərli barədə məhkəmənin hökmü var, onun barəsində ittiham hökmü çıxarılıb. Buna baxmayaraq, yenə də 3-cü binanın taleyi qeyri-müəyyən olaraq qalır.

Hətta bu istiqamətdə ötən il media cameəsinin ciddi narazılıqla qarşıladığı bir proses oldu. Bir qrup tanınmış media və QHT nümayəndələri İmzalarını qoyaraq, Prezidentə müraciət etdilər ki, 3-cü binadakı mənzillər jurnalistlərə deyil, şəhid və qazi ailələrinə verilsin.

Maraqlıdır ki, həmin müraciətə imza atanların sırasında jurnalistlər üçün inşa edilən 1 və 2-ci binadan ev alan şəxslər də vardı. Bu təşəbüsə etiraz edən jurnalistlər çox həssalıqla bildirdilər ki, şəhid və qazilər bizim baş tacımızdır.

Onları mənzillə təmin etmək üçün dövlətimizin kifayət qədər resursu olduğu halda, niyə bunu jurnalistlərin uzun illərdi həsrətlə gözlədiyi binanın hesabına etmək lazımdır? Hətta bu təşəbbüs bir neçə tanınmış şəhid ailəsi tərəfindən də etirazla qarşılandı.

Mövzuya etirazlar geniş vüsət aldığı üçün, bu təşəbbüs də arxa planda qaldı. İki ay əvvəl bir xəbər yayıldı ki, Sahil Babayevin rəhbərlik etdiyi nazirlik həmin binanı öz balansına qəbul edib. İki gün sonra həmin qurum bu məlumatı təkzib etdi.

Açığını deyim ki, bu qeyri-müəyyənlik illərdi həmin binadan mənzil almaq ümidi və haqqı olan, mənzil şəraiti və real dolanışığı çox acınacaqlı olan bir çox media mənsubunun əsəblərini tarıma çəkib.

Mən anlamıram, niyə Prezident Administarsiyası və Medianın İnkişafı Agentliyi bu məsələ ilə bağlı konkret açıqlama vermir?

Bəyəm, bu məsələ mühüm dövlət sirri kateqoroyasına aiddir ki, nəsə danışmaq belə çətin olsun? Bunun çox qısa cavabı var. Ya demək olar ki, gözləməyin, həmin bina jurnalistlərə ümumiyyətlə verilməyəcək, ya da “gözləyin filanıncı ildə paylanma ehtimalı var”,-sözünü desinlər!

Əgər kimsə düşünürsə ki, iki bina ilə jurnalistlərin mənzil problemi kökündən həll olunub, tam yanılır. Hətta bunu əsaslandırmaq üçün bəziləri deyir ki, mənzilsiz jurnalist varıydısa, niyə Əli Həsənov jurnalist olmayanlara ev verirdi?

Bax, bu arqumenti əsas götürənlər bilməlidir ki, zamanında olan belə özbaşınallqların acığını hazırda mənziı almağa haqq edən jurnalistlərdən çıxmaq lazım deyil. Buyurun, medianın bayramı ərəfəsində 3-cü bina ilə bağlı konkret bir açıqlama verin, biz də işimizi bilək. Narahat olmağa dəyməz, onsuz da nə desəniz, ikəlli sizinlə razılaşacayıq. Yetər ki, konkret bir söz deyin…

Məhəmmədəli QƏRİBLİ

Bənzər yazılar

0.20173096656799