Yeni tədris ilindən müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.
Nazirlər Kabineti sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.
Bu Sərəncam 2023-cü il sentyabrın 1-dən qüvvəyə minir.