“Muğan Bank”ın da vəziyyəti pisləşdi – RƏQƏMLƏR ENİŞDƏ

 27-07-2023

"Muğan Bank" ASC 2023-cü ilin I yarım ilini 2,34 milyon manat xalis zərərlə bitirib. Bank 2022-ci ilin ilk yarısında 506 min manat xalis mənfəət açıqlamışdı.

"APA-Economics" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 11,8% artaraq 20,8 mln. manat təşkil edib. Bankın faiz xərcləri 19,3% artaraq 19,7 mln. manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 1,04 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə azdır.

Bankın qeyri-faiz gəliri 35,2% azalaraq 14,01 mln. manat, qeyri-faiz xərcləri isə 3,8% artaraq 16,3 mln. manat təşkil edib. Bankın xalis faiz gəlirlərinin və qeyri-faiz gəlirlərinin kəskin azalması onun əməliyyat mənfəətinə təsir edib. Belə ki, "Muğan Bank" 2023-cü ilin ilk yarımilini 1,3 mln. manat əməliyyat zərəri ilə bitirib. Halbuki bank ötən birinci yarısında 8,1 milyon manat əməliyyat mənfəəti açıqlamışdı.

Bank ilin əvvəlindən kiçilməyə başlayıb. Belə ki, 1 iyul 2023-ci il tarixinə bankın cəmi aktivləri 9,8% azalaraq 721,9 milyon manata enib. Kredit portfeli isə cüzi- cəmi 0,1% artaraq 447,8 milyon manata bərabər olub. "Muğan Bank"ın öhdəlikləri isə 18,4% azalaraq 576 milyon manata bərabər olub. Öhdəliklərdəki azalma bankın depozit portfelindəki kəskin azalma ilə bağlıdır. Belə ki, bankın depozit portfeli 97,9 milyon manat azalaraq ilin əvvəlindəki 491,7 milyon manatdan 393,8 milyon manata enib. İlin əvvəlindən əhalinin bankdakı depozitləri 52,7 milyon manat azalaraq 341,9 milyon manata enib, şirkətlərin (hüquqi şəxslər) bankdakı depozitləri isə 45,2 milyon manat azalatraq 97,1 milyon manata enib.

Hesabat dövrü üzrə bankın cəmi kapitalı 0,1% artaraq 93,3 milyon manat təşkil edib. İlin ilk yarısı üzrə 2,3 milyon manatlıq zərər ümumilikdə bankın bölüşdürülməmiş zərərini 23,6 milyon manatdan 25,9 milyon manata kimi artırıb.

Məlumat üçün onu da qeyd edək ki, nizamnamə kapitalı 137,5 milyon manat olan “Muğanbank” ASC 1992-ci ildə dövlət qeydiyyatına alınıb.

Hazırda bankın əsas səhmdarları Munir və Samir Vəliyev qardaşlarıdır. Daha əvvəl “Muğanbank” ASC-nin əsas səhmdarı olan Elmir Mehdiyev bu yaxınlarda bankdakı 74%-lik payından yarısını (37%-ni) Munir Vəliyevə, digər yarısını isə Samir Vəliyevə təhvil verib.

Bundan başqa bankın digər səhmdarı Fəridə Mehdiyeva isə öz səhmlərinin 6%-nin yarısını (3%) Munir Vəliyev, digər yarısını isə Samir Vəliyevə (3%) satıb.

Bu ilin əvvəlində “Muğanbank” ASC-nin səhmdarları aşağıdakı kimi olub:

Bankdakı 74%-lik payını satan Mehdiyev Elmir Maqbet oğlu sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin kürəkənidir. Səhmlərin 10,65 %-nə nəzarət edən Vəliyeva Vəfa isə Əhməd Vəliyevin qızıdır. Digər 2 səhmdar isə Əhməd Vəliyevin qudaları olub.

Onu da qeyd edək ki, Əhməd Vəliyevin qudası Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi Maqbet Mehdiyev ötən ilin noyabr ayında vəfat edib.

Bankın yeni səhmdarları Munir və Samir Vəliyevlər isə Əhməd Vəliyevin oğlanlarıdır.

Hazırda Əhməd Vəliyev Odlar Yurdu Universitetinin rektoru, böyük oğlu Samir Vəliyev Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, kiçik oğlu Munir Vəliyev isə Odlar Yurdu Universitetinin 1-ci prorektorudur. Onların hər üçün profesordur.

Bənzər yazılar

0.20442891120911