Vüqar Bayramov qardaşının həbsinə münasibət: "İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq"

 26-07-2023

Milli Məclisin deputatı Vüqar Bayramov qardaşı Qubad İbadoğlunun həbsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Vüqar Bayramov son bir həftə ərzində xarici səfərdə olduğum üçün qardaşının həbsi ilə bağlı medianın suallarını cavablandırmaq imkanının olmadığını deyib:

“Bu gündən Bakıdayam, yenə də hörmətli jurnalistlərin fərqli mövzular üzrə sorularını cavablandıra biləcəm. Qeyd edim ki, ölkədən kənarda olduğum müddətdə cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar sadəcə təəssüf doğurur.

İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək. Eyni zamanda, Qubad bəyin qəbul etdiyi dərman ləvazimatlarının mütəmadi təminatı üçün müvafiq dövlət qurumları ilə təmaslarımı gücləndirərək bu məsələdə də nə mümkündür edəcəm.

Allah bütün məhbusların qapısını açsın”.

Qeyd edək ki, iyulun 23-də Daxili İşlər Nazirliyi Q. İbadoğlunun saxlanılması barədə məlumat yayıb.

"Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyənin Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib.

Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir", - DİN-in məlumatında deyilir.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Siyasətçi ötən gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bənzər yazılar

0.44557785987854