“Bolt taksi” sürücüsündən xanım müştəriyə BİABIRÇI HƏRƏKƏT - ŞİKAYƏT

 12-03-2022

Son zamanlar Bakıda fəaliyyət göstərən “Bolt taksi” xidmətindən tez-tez şikayətlər eşidilir. Hətta bir neçə sürücünün qadın sərnişinlərə kompliment atması, onları harasa dəvət etməsi adi hala çevrilib. 

Bu dəfə isə Bizim.Media əməkdaşı “Bolt taksi” xidmətinin sürücüsü tərəfindən həm aldadılıb, həm də təhqirə məruz qalıb.

Bakı sakini Bəyim Babayeva ötən gün səhər saatlarında Binəqədi rayonu 30 ünvanından Səməd Vurğun küçəsinə taksi sifariş edib.

Tayota RAV markalı, 90 TU 538 dövlət nişanlı, Emil adlı avtomobil sürücüsü sifarişi icra edib və müştərini istədiyi ünvana çatdırıb. Gediş haqqı 2 manat 70 qəpik tutub. Müştəri xanım xidmət haqqı olaraq sürücüyə 5 manat uzadıb. Sürücü pulun qalıq hissəsinin (2 manat) olmadığını qeyd edərək, həmin ödənişin müştərinin telefon nömrəsinə balans olaraq yükləyəcəyini vəd edib. 

Bir gün sonra xanım müştəri taksi sürücüsünə balansına hər hansı ödəmə gəlmədiyini bildirib. Hətta gediş barədə məlumatları sübut olaraq sürücüyə göndərib. Sürücü əvvəlcə onu tanımadığını desə də, daha sonra təhqirə keçib. Xanım müştərini məsxərəyə qoyan taksi sürücüsü ona qarşı xoşagəlməz ifadələr işlədib. 

Baş verənlərlə bağlı saytımıza danışan Bəyim Babayevanın sözlərinə görə  sürücünün ona pulun qalıq hissəsini qaytarması o qədər də vacib deyildi.

O vaxta qədər ki, sürücü xanım müştəri ilə kobud rəftar edib, onu məsxərəyə qoyub və təhqiramiz ifadələrdən istifadə edib:

“Polisə də şikayət edəcəyəm. Ən azından taksi sürücüləri xidmət sahibi kimi məsuliyyətlərini dərk etməli və xüsusilə xanım müştərilərlə rəftarlarını bilməlidirlər. Belələrinin qarşısını almasaq, sabah digər müştərilərlə də eyni hal yaşanacaq. Ümid edirəm ki, müştərisini aldadan və təhqir edən bu cür sürücülər cəzalandırılacaq”, - deyə şikayətçi qeyd edib. 

Məsələ ilə bağlı “Bolt taksi” xidməti ilə bir neçə dəfə əlaqə yaratdıq. Şirkətin rəsmi səhifəsində qeyd olunan 012 310 35 67  nömrəsinə düşmək mümkün olmayıb. 

Qeyd edək ki, son vaxtlar ictimaiyyətdə gündəlik olaraq sözügedən şirkətdən, onun təklif etdiyi xidmətlərdən şikayətlərin sayı durmadan artır. Xidmət müştərilərin əlaqəsi üçün mütləq mobil əlaqənin qurulmasında da maraqlı olmalıdır.

Məlumat üçün bildirək ki, “Bolt taksi” xidməti ilə əməkdaşlıq edən sürücülər platformaya üzv olmadan əvvəl şirkətin tətbiq etdiyi şərtlər və qaydalarla tanış olurlar. Yəni şirkətin qiymət və tarifləri ilə razılaşdıqdan sonra fəaliyyət göstərməyə başlayırlar. 

Müəllif Alçina Amilqızı

Bənzər yazılar

0.20854115486145