Bakı-Naxçıvan və əks istiqamətə uçan təyyarələlərdə qiymətlərin bahalaşması sərnişinlər arasında narazılığa səbəb olub. İyunun 6-dan bəri sərnişinlər bu istiqamətlər üzrə təyyarə biletlərinə 10 manat artıq, yəni 60 manat ödəməli olurlar. Naxçıvandakı ağır iqtisadi və siyasi şəraitdən dolayı əksər ailələr artıq neçə illərdir ki, Bakıya köçməyə məcbur olub. Onlar qohumlarına baş çəkmək üçün tez-tez Naxçıvana, yaxud da qohumları onları görmək üçün Bakıya getməli olur. Şikayətçilər deyir ki, bu səbəbdən 10 manatlıq artım demək olar ki, əksər naxçıvanlıların büdcəsinə mənfi təsir edəcək.
MillətinSəsi.info-nun xəbərinə görə, Şərur rayonundan olan şikayətçi Eldəniz Nəcəfov facebookdakı “Gündəlik Naxçıvan” adlı səhifəsinə yazaraq bildirib ki, yaxınlarının xeyir- şər məclislərində iştirak etmək üçün ildə ən azı iki dəfə ailəvi Bakıya getməli olurlar:
“Biz böyük tayfayıq. İşsizlikdən əksəriyyət ailəvi Bakıya köçüb. Onları görmək, yaxud xeyir-şərtlərində iştirak etmək üçün hər il iki dəfə ailəlikcə Bakıya getməli oluruq. Yaxud da əksinə, onlar gəlməli olur. Hər dəfə bir ailədən 4-5 nəfər gedib, qayıtmalı olur. Qiymət artımını nəzərə alsaq, hər dəfə gedib-gəlmək üçün 100 manata yaxın artıq pul ödəməli olacağıq. Bu da ildə 200 manat edir. Naxçıvanda onsuz da işsizlikdi, dolanışıq yoxdu. Bu bizim maddi vəziyyəti daha da ağırlaşdıracaq. Naxçıvan blokadadadır, bu nəzərə alınmalıdır”.
Bakıda yaşayan digər naxçıvanlı şikayətçi Rəşid Qasımov deyir ki, biletlərin bahalanması onların da ailə büdcəsinə ziyan vuracaq:
“İşsizlikdən köçüb gəlmişik bura. El-obamızdan rəsmən didərgin düşmüşük. Ən azı bayramlarda valideynlərimizi ziyarət üçün ailəvi Naxçıvana getməli olururuq. Arada xeyir-şər üçün də getmək məcburiyyətində qalırlar. 10 manat deyəndə gözə kiçik görünür. Ancaq bu, bizim üçün böyük məbləğdir. Bu qiymət artımı ilə dövlət bizim son qəpiklərimizə də göz tikmiş olur”.
Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı aviareyslərin qiyməti əslində 70 manatdır. Naxçıvanın blokada şəraitində olduğunu nəzərə alaraq, indiyə kimi bu pulun 20 manatını güzəşt olaraq, dövlət ödəyirdi. İyunun 6-da isə, Baş nazir Əli Əsədov qərar imzalayaraq, bu güzəşti 10 manata endirib. Bu səbəbdən, sərnişinlər biletlər üçün 50 manat yerinə 60 ödəməli olacaqlar.