Rumıniyalı nazir: “Azərbaycanla CQD kimi bir sıra layihələrdə birlikdə işləyə bilərik”

 09-06-2022

Rumıniya və Azərbaycan Cənub Qaz Dəhlizi (SGC) və Xəzər dənizi ilə Qara dəniz arasında “yaşıl körpü”nün yaradılması ilə bağlı layihələrdə birgə iştirak edə bilərlər.

Bunu “Report”a açıqlamasında Rumıniyanın enerji naziri Virgil Daniyel Popesku (Virgil Daniel Popescu) deyib.

V.Popesku əlavə edib ki, hazırda Azərbaycan qazının Rumıniyaya tədarükü ilə bağlı rəsmi Bakı ilə danışıqlar aparılır:

“Biz Azərbaycan qazının benefisiarlarından biri olmaq istəyirik və bununla bağlı danışıqlar davam edir. Danışıqlar yekunlaşmadığı üçün şərtlər və həcmlərlə bağlı hər-hansı məlumatı açıqlamaq mümkün deyil”.

Nazirin sözlərinə görə, təmsil etdiyi ölkə Azərbaycanla “yaşıl enerji” sahəsində də əməkdaşlığa maraq göstərir:

“Azərbaycan, Gürcüstan və Rumıniya arasında bərpa olunan enerji əlaqəsinin yaradılması və bu “yaşıl enerji”nin Avropaya çatdırılması istiqamətində işləyə bilərik”.

Rumıniyalı nazir ötən həftə Bakıda baş tutan Bakı Enerji Həftəsinə və Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışına da toxunub:

“Çox gözəl tədbir oldu və pandemiya səbəbindən üç ildən sonra Balkanlardan və Azərbaycandan olan həmkarlarla görüşmək imkanımız oldu. Mən Türkiyə, Bolqarıstan, Serbiya, Macarıstan və Azərbaycandan olan həmkarlarımla görüşdüm. Düşünürəm ki, ideyalarla bölüşmək baxımından çox gözəl tədbirdir. Sərginin açılışında Prezident İlham Əliyevin mesajı oldu. Onun enerji sektoru ilə bağlı fikirlərini dəstəkləyirəm”.

Qeyd edək ki, Azərbaycan təbii qazının Rumıniyaya BRUA kəməri ilə nəql edilməsi gözlənilir.

BRUA Macarıstana ildə 4,4 milyard kubmetr, Bolqarıstana 1,5 milyard kubmetr qaz nəql etməyə imkan verəcək.

Uzunluğu 1 318 km olan qaz kəmərinin Rumıniya ərazisindəki tikintisinin ümumi dəyəri 480 milyon avro təşkil edib. Qaz kəmərinin inşasına Avropa Birliyi 179 milyon avro, Avropa İnvestisiya Bankı 50 milyon avro kredit ayırıb. “Transqaz” şirkəti isə layihəyə 149 milyon avro vəsait xərcləyib.

Bənzər yazılar

0.23668003082275