Bakının mərkəzində piyadalar üçün nəzərdə tutulmuş səki avtomobil dayanacağına çevrilib.
MillətinSəsi.info xəbər verir ki, bu barədə Qərbi Kaspi Universitetinin professoru Elçin Əliyev məlumat və fotolar paylaşıb.
Qərbi Kaspi Universitetinin professoru Elçin Əliyevin paylaşdığı fotolarda Bülbül prospektində piyadalar üçün salınan geniş səkinin dağıdıldığı, ağacların kəsildığı, yerin asfaltlandığı və yolun parkinqə çevrildiyi görünür.
Sözügedən problemlə bağlı tanınmış jurnalist Qərib Azər (Azər Qəribov) də ağacların məhv edilməsini və geniş piyada yolunun dağıdılaraq parkinqə çevrilməsini kəskin tənqid edib.
Bundan başqa, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parkinq Prezident İlham Əliyevin tapşırığına əsasən sökülüb.
“Kinematoqrafçılar İttifaqının parklanma yeri söklür. Paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb”.
Məsələ ilə bağlı Apa.az-ın müxbiri mövqelərini öyrənmək üçün Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyevi dinləyib:
“Nə baş verir deyəndə ki... Bildiyiniz kimi Cənab Prezident tapşırıq verib və Prezidentin tapşırığı müzakirə edilmir. Ərazi yerinə qaytarılır. Amma burda hər hansı ağac kəsintisindən söhbət getmir. Yaşıl ağacdan söhbət gedirsə, kameralar xahiş edirəm əlimdəki fotonu dəqiqliklə çəksinlər. Ağac tamamilə quruyub, şəkillərdən də görürsüz ki, ağacın içi belə yoxdur. Bu da Ekologiya Nazirliyinin rəsmi rəyləri. Kinematoqrafçılar İttifaqı parkinq sistemi yaratmir. Parkinqin yaradılmasının bizimlə bir bağlılığı yoxdur. Biz ağacın kəsilməsi ilə bağlı müraciət etmişik. Biz kəsdiyimiz ağacın yerində yenisini də əkmişdik, amma dəfələrlə oğurlanıb”.
Müsahibənin bu yerində “Bakinskiy Raboçi” qəzetinin şöbə müdiri Dilman Musayev Əli Vəliyevin dediyinin həqiqətə uyğun olmadığını dilə gətirir və bilidirir ki, çalışdığı qəzetlə ittifaq eyni binada yerləşdiyindən onlar hadisənin canlı şahidi olublar:
“Vicdanın olsun, düz danış, bu ağacın 80 yaşı vardı və qurumamışdı. Burda 3 çinar ağacı vardı. Gecə ilə kəsdilər. Səhəri gün “Azəravtoyolun” işçiləri gəldilər. Məndə şəkilləri də var. Mən dərhal müdaxilə edib, “qanunsuzdur” dedim. Amma fikir vermədilər.
“Mən rəsmi rəylər əsasında danışıram” – deyən Əli Vəliyev isə Dilman Musayevin dediklərinin əsassız olduğunu idda edir:
“Bunu İttifaq etməyib, Şəfiqə Məmmədova da etməyib. Bunu dövlətin rəsmi qurumları edib. Bu parkinqi BNA ilə BŞİH salıb. Amma Kinematoqrafçılar İttifaqının üzvləri üçün salınıb. Bunlar xalq artistləri və ittifaqın tanınmış xadimləridir. Oqtay Mirqasımov, Ayaz Salayev, Cəmil Quliyev və s. Biz sadəcə xahiş eləmişik”.
Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Nizami Mayılov isə bildirdi ki, gecə saatlarında sənəd olmadan qanunsuz parklanma yeri düzəldilib.
“Bu ərazidə əvvəllər kiçik parklanma yeri olub. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən dəfələrlə müraciət olunmuşdu, lakin Bakı Şəhəri İcra Hakimiyyəti və Bakı Nəqliyyat Agentliyi tərəfindən müsbət rəy verilməmişdi”.
Onun sözlərinə görə, dəfələrlə səkini sökmək istəsələr də, qarşısı alınıb:
“Həmin ərazidə yaşıllıqların korlanması ilə bağlı məsələyə gəlincə, burada yaşı keçmiş, qəzalı vəziyyətdə bir ağac olub. Həmin ağac da kəsilib. Hazırda müvafiq araşdırmalar aparılır və nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək”.
Ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət də araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ərazidəki qəzalı vəziyyətdə olan ağacın götürülməsi ilə bağlı Nəsimi rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub.
O qeyd edib ki, Agentlik həmin ərazidə qəzalı vəziyyətdə olan 1 safora ağacının götürülərək yerində yeni ağacın əkilməsi şərtilə rəy verib: " Agentliyin verdiyi ekspertiza rəyinin tələblərinə əməl olunmadığı üçün Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib".
Həmin görüntüləri təqdim edirik:
Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacın kəsilməsi ilə bağlı artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır. Bu barədə saytımıza Xidmətdən məlumat verilib.
Mənbə yeniavaz.com