“Dövlətin şəhidliyə görə oğluma verdiyi puldan imtina etdim, axırda işdən qovuldum”
“Komendant məndən rüşvət tələb edirdi. Verməsəm, işdən çıxarmaqla hədələyirdi. Canım boğazıma yığılmışdı. Bir gün dözməyib, dedim ki, mən şəhid atasıyam, heç olmasa, buna görə mənə hörmət elə. O da cavabında qayıtdı ki, şəhid atasısan, gəl, otur mənim boynumda”.
Vətəndaş Saday Hüseynov Meydan TV-yə belə deyir.
O bildirir ki, “Kristal Abşeron” MTK-ya aid “Xəzər İnşaat” Mənzil-Tikinti Kooperativinin Bakının Məhsəti Gəncəvi küçəsində yerləşən iki binasında fəhlə işləyib.
Binaların inşası bitəndən sonra ona komendant köməkçisi vəzifəsi verilib:
“Səkkiz il işlədim, binaların sakinləri də məndən razı idilər. 2022-ci ilin sentyabrında şirkət Fuad Rəsulov adlı şəxsi icraçı direktor təyin etdi. Bu adam gələndən mənə göz verib, işıq vermədi. Mənim əməkhaqqım min manat, onunku isə səkkiz yüz manat idi. Əvvəl bundan başladı. Dedi ki, sən maaşının iki yüz manatını mənə verməlisən”.
“Bəzən istirahət günlərində bina sakinləri məni mənzillərində su krantının xarab olması kimi işlərə görə çağırırdılar. Gördüyüm işin müqabilində də pul verirdilər. Fuad Rəsulov da başladı ki, sən həmin pulları mənə verməlisən. Çünki şirkətdən maaş alırsan. Mən də etiraz etdim ki, mən bu pulu işdən sonra qazanıram”, – deyə o bildirib.
Saday Hüseynovun sözlərinə görə, şirkət rəhbərliyinə komendantdan şikayət etsə də, heç bir nəticəsi olmayıb:
“Onun mənə qarşı psixoloji təzyiqləri davam edirdi. Rəhbərlik hər dəfə deyirdi ki, başını aşağı sal, işlə. Nə qədər çalışdım, alınmadı. Bu alov, mən də su oldum. Deyirdi ki, burada işləmək istəyirsənsə, mənə hörmət elə, pul ver. Şirkət rəhbərliyi də deyir ki, Fuad Rəsulov elə söz deməz. Dedim ki, necə yəni deməz? Bu adam mənə işləməyə imkan vermir. Lakin xeyri olmadı. Axırda da dedi ki, işə gəlmə”.
2023-cü ilin yanvarından işsiz qalan Saday Hüseynov ona qarşı haqsızlıq edildiyini deyir:
“Yanvar ayından evimə pul girmir. Artıq o iş mənə lazım deyil. Mənə təsir edən Fuad Rəsulovun sözləridir. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan oğlum Anar Hüseynliyə verilən şəhidlik pulundan da imtina etmişəm. Yeri gələndə, bu dövlətdən də imtina edəcəyəm. Dövlətin mənə qayğısı, hörməti budur. Mən həmin puldan imtina etdim ki, Azərbaycan öz ordusunu gücləndirsin. Gözləmirdim ki, hansısa məmur mənə belə münasibət göstərəcək”.
Vətəndaş şirkətin əməkdaşı Fuad Rəsulovun ona qarşı etdiklərinə görə cavab verməsini istəyir:
“İyunun 14-də şirkətin baş ofisinə gedib, rəhbərliklə görüşdüm. Məni İbrahim adlı bir şəxs qəbul etdi. Bildirdim ki, işçiniz məndən rüşvət tələb edib. Ona şəhid atası olduğumu deyəndə, üstəlik, məni təhqir də edib. Şirkət rəhbəri də cavabında dedi ki, deyir-deyir də, burda nə var ki?! Sözdür də, deyir. Onun ağlı ora qədər çatır. İndi mən ona nə etməliyəm? Mən də deyirəm ki, siz nəsə bir tədbir görməlisiniz, axı məni təhqir edib. Deyir ki, dayı, biz onun ağzına açar olmayacağıq. Başa salıram ki, bu adam məndən rüşvət istəyir. Cavabında deyir ki, çağırıb, onunla söhbət edərik”.
“Kristal Abşeron” MTK-dan bildirilib ki, məsələ araşdırılıb və onların Saday Hüseynov adlı işçisi yoxdur, olmayıb.
Saday Hüseyov isə deyir ki, onu işə məhz “Kristal Abşeron” götürüb.
Onun sözlərinə görə, “Xəzər İnşaat”da çalışsa da, bütün işlər “Kristal Abşeron”un baş ofisindən idarə olunur.
Fuad Rəsulov Meydan TV-yə deyib ki, Saday Hüseynovun onun ünvanına söylədikləri doğru deyil:
““Xəzər İnşaat” MTK binanı tikib təhvil verəndən sonra Nizami 9 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılıb. Bina sakinlərinin birgə razılığı ilə də mən binaya icraçı direktor təyin edilmişəm. Saday Hüseynovun bizim cəmiyyətə, binaya aidiyyəti yoxdur. O, “Xəzər İnşaat” MTK-nın işçisi olub.
Binanın inşaası zamanı fəhlə işləyib. Bizim binadan əlavə iki binada tikinti işləri tamamlanmadığı üçün şirkət bir neçə fəhləni müvəqqəti olaraq binalarda saxlayıb. Saday Hüseynov da binalarda olduğu müddətdə evlərə gedib, paltaryuyan maşın quraşdırıb, su krantını dəyişib. Halbuki onun bina daxilində mənzillərə girmək səlahiyyəti yoxdur. Bununla əlaqədar ona bir neçə dəfə şifahi xəbərdarlıq etmişəm. Onun maaşının artması, yaxud da azalması mənim səlahiyyətim daxilində deyil. Şəhid atası olduğu üçün ona bu cür şər-böhtan sözlər deməyi uyğun bilmirəm. Onunla qanun müstəvisində danışa bilərəm, amma özümə yaraşdırmıram”.
“Dəfələrlə demişəm ki, Saday dayı, işçimiz deyilsən. Nasosxanadır, işıq şitləri olan yerlərə icazəsiz girmək olmaz. Bunlara rəsmi olaraq mən cavabdehəm. Hər bir binada daxili nizam-intizam qaydaları var. Şəhid atası olmaq o deyil ki, gəlib, mənə şər-böhtan atsın. Qonşular hamısı deyir ki, Fuad müəllim, bir izahat yazaq, hamımız da qol çəkək ki, sizin fəaliyyətinizdən, davranışınızdan çox razıyıq”, – deyə o bildirib.