İşdən çıxan vətəndaş “MR Group”u maaşını ödəməməkdə günahlandırır

 22-06-2023

Elvin Məmmədov deyir ki, şirkət vergidən də yayınıb, amma şirkət əməkdaşı bu iddia ilə razılaşmır

“İşsizlik ucbatından rayondan Bakıya üz tutmuşdum. Bir tanışımın köməkliyi ilə “MR Group” yanğın təhlükəsizliyi şirkətində sürücü kimi işə düzəlmişdim. Üç ay işlədib, maaşımı vermədilər”.

İsmayıllı sakini Elvin Ağamahmud oğlu Məmmədov Meydan TV-yə deyir.

Vətəndaş iddia edir ki, şirkətdə iki ay yarım müqaviləsiz işləyib:

“Dildə dedilər ki, maaşın altı yüz manat olacaq. Lakin üç ay ərzində mənə üç yüz manat pul verdilər. Sürücü kimi işə götürülsəm də, məni hər işə də göndərirdilər. İşimdən başqa da işlər gördürürdülər, nəsə deyəndə bildirirdilər ki, əlavə maaşa hesablanır”.

Elvin Məmmədov deyir ki, maaşını vermədikləri üçün 2022-ci ilin sentyabrında işdən çıxıb:

İşə düzəlməyimdən iki ay yarım sonra dedilər ki, sənə maaş kartı veriləcək. Əməkhaqqının 300 manatını kartla, 300 manatını isə nəğd verəcəyik. Onlar bununla vergidən yayınırdılar. Lakin sözlərinə əməl etmədilər. İşdən çıxandan sonra dedilər ki, bu gün-sabaha pulunuz veriləcək. Sonra da dedilər ki, get, əlindən nə gəlir et. Sənə pul verilməyəcək”.

““Guya “MR Group” təhlküəsizlik balonlarının yenilənməsi ilə məşğul olur. Müddəti keçən balonların içərisi dəyişdirilmirdi. Ancaq etiket və stikerləri dəyişirdilər. Təhlükəsizlik balonlarını gətirirdik, üç-dörd gün ləngidirdik ki, guya doldururuq. Köhnə stikerlər sökülürdü, “MR Group”un stikerləri vurulub, geri qaytarılırdı”, – Elvin Məmmədov həmçinin iddia edib.

Təsəvvür edin, prezidentin mühafizəsindən balonlar yığıldı. Hətta onların belə yalnız stikerləri dəyişdirildi. İçərisi yenilənmədən geri aparıldı. Əlavə xərclərdən yayınmaq üçün belə bir vasitəyə əl atırlar”, – deyə o bildirib.

“MR Group” şirkətindən özünü Nahid Məmmədov kimi təqdim edən əməkdaş Meydan TV-yə bildirib ki, Elvin Məmmədovun səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir:

“Elvin Məmmədov çox problemli adamdır. Özü də bilmir ki, nə edir. Özü könüllü ərizə yazaraq, işdən çıxıb. Çağırdım, dedi ki, mən görüşmək istəmirəm. Onun dediklərinin hamısı boş sözlərdir. Bizə qarşı çox qərəzli yanaşıb. Əmək Müfəttişliyi Xidmətinə, Vergilər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə şikayət etmişdi. Aidiyyəti qurumlar gəlib, yoxlamalar apardı. Heç bir problem, qüsur olmadı. Onlar da dedilər ki, vətəndaş sizə qarşı qərəzli mövqedədir”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Meydan TV-yə deyib ki, faktiki əmək münasibətində olan vətəndaş Mediasiya Şurasına, daha sonra isə məhkəməyə müraciət edib, pozulan hüququnu bərpa edə bilər.

Bənzər yazılar

0.16673398017883