Anası Fəridlə danışdı: "Deyir, işgəncə görməmişəm"

 22-06-2023

İranda casusluq ittihamı ilə həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli anası ilə telefonla danışıb.

Bu barədə Meydan TV-yə Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib.

O bildirib ki, oğlunun vəziyyəti yaxşıdır, sadəcə, bəzi problemlər var:

“Oğlum dedi ki, indiyədək onu üç dəfə məhkəmə iclasına çıxarıblar. İlk məhkəmədə fars dilindən ingilis dilinə tərcüməçi olub. Asanlıqla danışıb, danışılanları anlayıb. Lakin ikinci və üçüncü iclaslarda o, tərcüməçi ilə təmin edilməyib”.

Dilarə Əsgərova deyir ki, düzdür, oğlu azacıq farsca bilir, lakin bu, onun özünü müdafiə etməsi üçün kifayət deyil.

Ana Azərbaycan hökumətindən bununla bağlı da oğluna dəstək olmalarını rica edir:

“Sağ olsun, Təbrizdəki konsul gedib Fəridlə görüşüb, tez-tez telefonla da danışırlar. Fərid özü də saxlanma şəraitindən narazı deyil, lakin haqsız yerə həbs edilmək onu incidir”.

“Fərid deyir ki, ilk başlarda təkadamlıq kamerada saxlanılıb. Bir müddət öncə çox insanın olduğu kameraya köçürülüb. Burada məhbuslarla ünsiyyətdə fars dilini bir az irəlilədib. Lakin istənilən halda bu, özünü müdafiəyə yetmir. Xahiş edirəm, hökumətimiz bunu nəzərə alsın və mənim oğlumu orda köməksiz qoymasınlar”, – deyə Dilarə Əsgərova bildirib.

Dilarə Əsgərova deyir ki, başqa bir problem isə Fəridin hələ də vəkilsiz olması ilə bağlıdır.

O, dəfələrlə Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşlarına, konsulluğun nümayəndələri ilə də bu barədə danışdığını deyib.

Bu işin vəkilsiz müdafiəsinin mümkün olmadığını rəsmi qurumlarla müzakirə ediblər.

Ana bildirir ki, özü oğluna vəkil tutmağa cəhd edib. Lakin həmin vəkil oğlunun casusluqda ittiham olunduğunu biləndən sonra onun zənglərinə cavab verməyib:

“Mənim növbəti dəfə tutacağım vəkil də ilk dəfəkindən artıq olmayacaq. Bu baxımdan düşünürəm ki, Fəridi müdafiə edəcək vəkili dövlət tutsa, daha yaxşı olar. Mən də əlimdən gələn köməyi etməyə hazıram”.

Dilarə Əsgərova deyir ki, oğlu ona həbs müddətində işgəncə görmədiyini, incidilmədiyini söyləyib. Hətta daimi həkim yoxlanışından keçdiyini, ona həbsxanada pis münasibət göstərilmədiyini bildirib:

“Azərbaycanın Təbrizdəki konsulu da Fəridlə görüşüb. Soruşub, deyib ki, fiziki təzyiq olmayıb, işgəncə görməyib. Mənə də dedi ki, birdən elə bilərsən buradan danışıram deyə gizlədirəm. İşgəncə görməmişəm. Üstəlik, yemək, həkim müayinəsi də yaxşıdır. Sadəcə, əziyyət çəkir, deyir, günahsız yerə həbs edilmişəm”.

Dilarə Əsgərova oğlunun cinayətkar olmadığından əmindir.

Deyir ki, Fərid iki dövlət arasındakı münasibətin qurbanıdır. Onun İrana səfəri çox pis vaxta düşüb.

Almaniyanın Yena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün olmayıb.

Anası deyib ki o, İrana bir zamanlar Yena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.

Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.

Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.

O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.

Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.

XİN-dən tələbənin anasına deyiblər ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə saxlanılıb.

İran hüquq-mühafzə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.

Bənzər yazılar

0.33072280883789